REGİONLAR
Respublikamızın bölgələrində təşkil olunan ağacəkmə aksiyasına daşkəsənlilər də böyük həvəslə qoşulublar
Daşkəsən, 11 may, Rauf Hacıyev, AZƏRTAC
Ümummilli lider Heydər Əliyevin anadan olmasının 94-cü ildönümü münasibətilə respublikamızın bölgələrində təşkil olunan ağacəkmə aksiyasına daşkəsənlilər də böyük həvəslə qoşulublar.
AZƏRTAC xəbər verir ki, Daşkəsənin bütün yaşayış məntəqələrini əhatə edən aksiyada rayon icra hakimiyyətinin başçısı Əhəd Abıyev, YAP rayon təşkilatının fəalları, gənclər, həmçinin ictimaiyyət nümayəndələri iştirak ediblər.
Daşkəsəndə keçirilən aksiyada gün ərzində 1200-dən çox rayonun sərt iqlim şəraitinə uyğunlaşmış şam, göyrüş və ağcaqayın ağacları, eləcə də müxtəlif dekorativ gül kolları əkilib.
Ümummilli lider Heydər Əliyevin ekoloji vəziyyətə həmişə çox böyük həssaslıqla yanaşdığını deyən Əhəd Abıyev bildirib ki, ölkəmizdə yaşıllaşdırma işinin təşkilini Ulu Öndər daim diqqət mərkəzində saxlayıb. Ümummilli lider Heydər Əliyev dəfələrlə tövsiyə edib ki, hər bir insan ağac əkməli, becərməli və böyütməlidir. O deyib: Əgər kimsə sağlam ağacı kəsirsə, o nəinki xalqına, millətinə, ölkəsinə, öz ailəsinə xəyanət edir”.
Sonra aksiya iştirakçıları onlar üçün ayrılan ərazilərdə, şəhərin ayrı-ayrı yerlərində, giriş və çıxışında, yol kənarlarında ağaclar əkiblər.
Həmçinin aksiya iştirakçıları ərazidə təmizlik-abadlıq işləri aparıb, sahəni alaq otlarından, daşlardan təmizləyib, yeni əkilən ağacları suvarıb, əvvəllər basdırılan tinglərə isə aqrotexniki qulluq göstəriblər.