QAN YADDAŞI


Respublikamızın şimal bölgəsində 20 Yanvar şəhidlərinin xatirəsi böyük ehtiramla anılıb VİDEO

Xaçmaz, 20 yanvar, Elxan Yusifli, AZƏRTAC 

Azərbaycanın şimal rayonlarında 20 Yanvar şəhidlərinin xatirəsi böyük ehtiramla anılıb.

AZƏRTAC xəbər verir ki, Xaçmazda minlərlə rayon sakini Şəhidlər xiyabanında uyuyan şəhidlərin məzarlarını ziyarət ediblər.

Ziyarətçilər 20 Yanvar şəhidlərindən olan Xaçmaz rayon Uzunoba kənd sakini Zahid Abdullayevin xatirə lövhəsinin önünə gül dəstələri düzüb, ruhuna dualar oxuyublar.

Xaçmazda aprel döyüşləri zamanı həlak olan şəhidlərin xatirəsi də əbədiləşdirilib. Şəhidlər xiyabanında aprel döyüşlərində şəhid olan Yüzbəyov Əmrah Aydın oğlu, Qayıbov Elvin Sədrəddin oğlu və Mirzəyev Elvin Azadxan oğlunun xatirə lövhələri yaradılıb.

Bununla yanaşı, rayon icra hakimiyyətinin təşəbbüsü ilə xiyabanda Milli Qəhrəman Yavər Şahbazovun büstü qoyulub.

Xaçmaz rayonu, ümumilikdə, ölkəmizin azadlığı və ərazi bütövlüyü uğrunda mübarizədə 240-a yaxın şəhid verib.

X X X

Qusar rayon ictimaiyyəti də 20 Yanvar faciəsinin 27-ci ildönümü münasibətilə Şəhidlər xiyabanını ziyarət edib.

AZƏRTAC xəbər verir ki, şəhər Mədəniyyət Evində Qusar Dövlət Ləzgi Dram Teatrı tamaşaçılara 20 Yanvar faciəsinin 27-ci ildönümü ilə əlaqədar yeni səhnə əsərini təqdim edib. Ramiz Duyğunun ssenarisi əsasında hazırlanan “Xarı bülbül” tamaşasında yanvarın 19-dan 20-nə keçən gecə xalqımızın yaşadığı faciə öz əksini tapıb.

X X X

Quba rayonunda da 20 Yanvar faciəsinin 27-ci ildönümünə həsr olunan anım mərasimləri keçirilib.

AZƏRTAC xəbər verir ki, mərasim iştirakçıları Şəhidlər xiyabanına gələrək ölkəmizin azadlığı və ərazi bütövlüyü uğrunda mübarizədə həlak olan qubalı şəhidlərin xatirəsini anıblar.

Rayon rəhbərliyi və ictimaiyyət nümayəndələri şəhər qəbiristanlığında dəfn olunmuş 20 Yanvar şəhidi Rahib Hüseynovun məzarını ziyarət edib.

Quba rayonunun Küçeyi kəndində də anım mərasimi təşkil olunub. Burada doğulub boya-başa çatan 20 Yanvar şəhidi Elçin Qeybullayevin kənd qəbiristanlığındakı məzarını qohumları, həmkəndliləri, icra strukturlarının nümayəndələri və məktəblilər ziyarət ediblər. Mərasimdə qanlı faciə baş verən gecə yoldaşları ilə birlikdə “Salyanski kazarma” deyilən yerdə tankların qarşısına əliyalın çıxan Elçinin qəhrəmancasına şəhid olmasından danışılıb.

20 Yanvar hadisələri zamanı Qubanın 2 sakini şəhid olub, üç nəfər isə yaralanıb.

X X X

20 Yanvar faciəsində şəhid olanların xatirəsi Şabran rayonunda da silsilə tədbirlərlə anılıb. Rayon rəhbərliyinin, ictimaiyyət nümayəndələrinin, ziyalıların iştirakı ilə Şəhidlər xiyabanı ziyarət edilib, şəhidlərin ruhuna dualar oxunub. Şəhid qəbirlərinin və abidənin önünə tər çiçəklər düzülüb.

Tədbirdə ədəbi-bədii kompozisiya nümayiş etdirilib.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.