CƏMİYYƏT
Respublikanın bəzi çaylarında sululuğun artımı müşahidə olunub
Bakı, 30 may, AZƏRTAC
Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentinin verdiyi məlumata görə, ötən günlər ərzində ölkə ərazisində yağan leysan xarakterli yağışlar nəticəsində respublikanın bəzi çaylarında sululuğun artımı müşahidə olunub. Hazırda Böyük Qafqazın Quba-Xaçmaz bölgəsi çaylarında sululuq ongünlük normanın 50-60, Kiçik Qafqazın çaylarında 30-80, Lənkəran-Astara bölgəsi çaylarında 10, Naxçıvan MR çaylarında isə 20 faizini təşkil edir.
Departamentdən AZƏRTAC-a bildirilib ki, mayın 30-da Kür çayının Qıraqkəsəmən məntəqəsində suyun səviyyəsində 8 santimetr azalma müşahidə olunub. Hazırda məntəqədə su sərfi saniyədə 380 kubmetr olmaqla ongünlük normanın 55 faizini təşkil edir. 2016-cı ildə isə bu rəqəm saniyədə 485 kubmetr olmaqla ongünlük normanın 70 faizini təşkil edib.
Qanıx çayının Əyriçay məntəqəsində suyun səviyyəsində 3 santimetr artım müşahidə olunub. Hazırda məntəqədə su sərfi saniyədə 167 kubmetr olmaqla, ongünlük normanın 84 faizini təşkil edir. Ötən il isə bu göstərici saniyədə 156 kubmetr təşkil edərək ongünlük normanın 78 faizinə bərabər olub.
Mayın 30-da Kür çayının aşağı axınında suyun səviyyəsində azalma müşahidə olunub. Belə ki, Kür çayının Surra məntəqəsində 8, Şirvanda 10, Salyanda 7, Bankədə 5, Araz çayının Novruzlu məntəqəsində 3 santimetr azalma qeydə alınıb.
Hazırda Surra məntəqəsində suyun səviyyəsi 365 (2016-cı il mayın 30-da 337 sm), Şirvanda 243, Salyanda 170 (2016-cı il mayın 30-da 120 sm), Bankədə 177 (2016-cı il mayın 30-da 175 sm), Araz çayının Novruzlu məntəqəsində isə 75 santimetr (2016-cı il mayın 30-da 48 sm) təşkil edir.