CƏMİYYƏT
Respublikanın daxili işlər orqanları narkotiklərin qanunsuz dövriyyəsinə qarşı mübarizəni davam etdirir
Bakı, 26 dekabr, AZƏRTAC
Respublikanın daxili işlər orqanları narkotiklərin qanunsuz dövriyyəsinə qarşı mübarizəni davam etdirir.
Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən AZƏRTAC-a bildiriblər ki, daxil olan məlumat əsasında nazirliyin Baş Narkotiklərlə Mübarizə İdarəsi (BNMİ) və Baş İdarənin cənub bölgəsində regional şöbəsi əməkdaşlarının Cəlilabad rayonunda həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində Almas Almasov saxlanılıb. Saxlanılan şəxsin əlindəki çantadan 3 kiloqram 490 qram çəkidə heroin və 8 kiloqram 10 qram tiryək aşkar olunaraq götürülüb.
A.Almasov ilkin dindirmə zamanı ölkəmizə qanunsuz olaraq qaçaqmal yolu ilə keçirilən həmin narkotik vasitələri qabaqcadan cinayət əlaqəsinə girdiyi tanımadığı İran İslam Respublikasının vətəndaşından aldığını bildirib.
Qeyd edilən faktla bağlı Cinayət Məcəlləsinin müvafiq maddələri ilə cinayət işi başlanıb. Cinayətin digər iştirakçılarının da müəyyənləşdirilərək məsuliyyətə cəlb olunmaları istiqamətində zəruri istintaq hərəkətləri və əməliyyat-axtarış tədbirləri davam etdirilir.