REGİONLAR
Respublikanın şimal bölgəsindəki taxılyığan kombaynlar Aran rayonlarında biçinə cəlb olunacaq
Xaçmaz, 26 may, Elxan Yusifli, AZƏRTAC
“Aqrolizinq” Açıq Səhmdar Cəmiyyətinin (ASC) Xacmaz regional nümayəndəliyinin balansındakı 50 taxılyığan kombayn Aran bölgəsində biçinə cəlb olunacaq.
AZƏRTAC xəbər verir ki, şimal bölgəsindən göndərilən kombaynlar əvvəlcə Kürdəmir rayonunda taxıl biçinini həyata keçirəcək.
“Aqrolizinq” ASC-nin Xacmaz regional nümayəndəliyinin direktoru Rafiq Tağıyev bildirib ki, şimal bölgəsində taxıl biçini iyun ayının ikinci ongünlüyündə başlayır. Bu səbəbdən Kənd Təsərrüfatı Nazirliyinin tapşırığına əsasən, buradakı kombaynlar taxıl biçini başlayan rayonlara köməyə göndərilir. Aran rayonlarında biçin prosesi itkisiz və vaxtında başa çatdırıldıqdan sonra kombaynlar geri qayıdacaq.
R.Tağıyev qeyd edib ki, taxılyığan kombaynlar Aran bölgəsinə göndərilməzdən öncə texniki baxışdan keçirilərək tam işlək vəziyyətə gətirilib.
Şimal bölgəsindən olan sahibkarlar da artıq “Aqrolizinq” ASC-nin Xacmaz regional nümayəndəliyinə müraciət edərək, taxıl zəmilərinin biçilməsi üçün müqavilə bağlaya bilərlər.