REGİONLAR
Respublikanın şimal bölgəsindəki taxılyığan kombaynlar aran rayonlarında biçinə cəlb olunub
Xaçmaz, 25 may, Elxan Yusifli, AZƏRTAC
“Aqrolizinq” Açıq Səhmdar Cəmiyyətinin (ASC) Xaçmaz regional nümayəndəliyinin balansındakı 50 taxılyığan kombayn aran bölgəsində biçinə cəlb olunub.
AZƏRTAC xəbər verir ki, texniki baxışdan keçirilərək tam işlək vəziyyətə gətirilən taxılyığan kombaynların bir hissəsi artıq aran bölgəsinə göndərilib. Şimal bölgəsindən göndərilən kombaynlar Kürdəmir, Sabirabad, Hacıqabul, Salyan, Neftçala və İmişli rayonlarında taxıl biçinini həyata keçirəcək.
“Aqrolizinq” ASC-nin Xaçmaz regional nümayəndəliyinin direktoru Rafiq Tağıyev bildirib ki, şimal bölgəsində taxıl biçini iyun ayının ikinci ongünlüyündə başlayır. Bu səbəbdən Kənd Təsərrüfatı Nazirliyinin tapşırığına əsasən, buradakı kombaynlar taxıl biçini başlayan rayonlara köməyə göndərilir. Aran rayonlarında biçin prosesi itkisiz və vaxtında başa çatdırıldıqdan sonra kombaynlar geri qayıdacaq.
R.Tağıyev qeyd edib ki, şimal bölgəsindən olan sahibkarlar da artıq “Aqrolizinq” ASC-nin Xaçmaz regional nümayəndəliyinə müraciət edərək, taxıl zəmilərinin biçilməsi üçün müqavilə bağlaya bilərlər.