MƏDƏNİYYƏT
Rəssam Çingiz Mehbaliyevin tarixi mövzuda növbəti rəsmi
Bakı, 21 aprel, AZƏRTAC
Rəssam Çingiz Mehbaliyev Səfəvilər tarixinə aid yeni rəsm çəkib. Onun budəfəki rəsmi “İsmayılın Təbrizə daxil olub özünü şah elan etməsi” adlanır.
Rəssam AZƏRTAC-a bildirib ki, rəsm əsərinin mövzusu 1501-ci ildə baş vermiş tarixi hadisələrdən götürülüb. Tarixdən məlumdur ki, İsmayıl Səfəvi 1501-ci ilin payızında təntənəli şəkildə Təbrizə daxil olaraq özünü şah elan edir və Səfəvilər dövlətinin əsasını qoyur.
Rəsmdə İsmayıl Səfəvinin öz ordusu ilə Təbrizə daxil olması hadisəsi təsvir edilib. Təbrizin qədim darvazasından şəhərin əsas meydanına daxil olan qızılbaş ordusunun önündə və ağ atın üzərində İsmayıl Səfəvi təsvir edilib. İsmayıldan sonra atlı bayraqdar gəlir və şəhərə Səfəvi bayrağını gətirir. Onların ardınca isə qızılbaş piyadaları addımlayır. Ətrafda isə bu hadisəyə şahidlik edən təbrizlilər və müxtəlif millətlərin nümayəndələri təsvir olunur.
“Bu səhnəni kətan üzərində təsvir etmək mənə xüsusilə böyük zövq verdi. Özümü bir anlıq həmin dövrə qayıtmış kimi hiss etdim. Sanki mən də Təbriz sakinlərindən biri kimi bu əlamətdar tarixi hadisənin şahidi oldum”, – deyə rəssam şəkil üzərində işləyərkən keçirdiyi hissləri bölüşüb.
O deyib: “Rəsmin çəkilməsi təxminən 3 ay vaxt tələb etdi. Bundan əlavə olaraq bir neçə həftə tarixi araşdırmalar apardım. Yazılı mənbələri, muzeylərdə saxlanılan eksponatların və miniatürlərin fotolarını, o dövrdə Təbrizdə mövcud olan əsas tikililərin təsvirini tapmağa nail oldum. Çalışdım ki, rəsmdə o dövrkü Təbriz şəhərinin tam mənzərəsini canlandıra bilim. Rəsm elə qurulub ki, tablodakı insan fiqurlarından yalnız Şah İsmayıl birbaşa tamaşaçılara baxır. Qızılbaşlar isə Şah İsmayıla – yəni, getdikləri istiqamətə baxırlar. Arxa fonda duran təbrizlilərin də baxışları Şah İsmayıla və qızılbaş qoşununa yönəlib. Yalnız bayraqdar bu ümumi ahəngi pozaraq tablonun sağ – aşağı küncündə duran insanlara baxır. Bayraqdarın baxdığı istiqamətdə bir gəzərgi dərviş və 3 fərqli millətin nümayəndələri var: xalça üstündə oturan ərəb, başına araqçın qoyan özbək və osmanlı yeniçəri. Baxışların bu cür toqquşması növbəti dövrlərdə səfəvilərlə bu millətlər arasında qarşıdurmanın olacağına işarə edir. Onların yanında duran və çiyninə xurcun aşırmış dərviş isə yeni dövlətin yaradılması xəbərinin tezliklə bütün dünyaya yayılacağına işarədir”.
Qeyd edək ki, bu rəsm Çingiz Mehbaliyevin Şah İsmayıl və səfəvilər mövzusunda növbəti irihəcmli rəsm əsəridir. Belə ki, bu rəsm 2 metr uzunluğundadır.
“İsmayılın Təbrizə daxil olub özünün şah elan etməsi” rəsmi sözügedən mövzuda Azərbaycan rəssamlığında çəkilən ilk rəsmdir.