MƏDƏNİYYƏT
Rəssamlar İttifaqında Əməkdar Artist Suğra Bağırzadənin əsərləri sərgilənir
Bakı, 10 mart, Ceyhun Alışlı, AZƏRTAC
Martın 10-da Azərbaycan Rəssamlar İttifaqının V. Səmədova adına sərgi salonunda tanınmış aktrisa və rəssam Suğra Bağırzadənin sənət əsərlərindən ibarət fərdi sərgisi açılıb.
AZƏRTAC xəbər verir ki, Əməkdar Artistin “Hər yerdə gözəllik” adlı sərgisi Mədəniyyət və Turizm Nazirliyi və Azərbaycan Rəssamlar İttifaqının birgə təşkilatçılığı ilə reallaşıb.
Azərbaycan Rəssamlar İttifaqının sədri, Xalq Rəssamı Fərhad Xəlilov və Xalq Artisti Amaliya Pənahova çıxış edərək sərgidə nümayiş olunan əsərlərin füsünkarlığından söz açıblar.
Vurğulanıb ki, S.Bağırzadənin sənət əsərləri onun daxili dünyasını və həyata baxışını təcəssüm etdirir. Güllərdən ibarət mürəkkəb kompozisiyaların yaradılmasında ona aktyorluq peşəsi də köməklik göstərir.
Qeyd olunub ki, aktrisa əsərlərini tər güllərdən hazırlamaqla yanaşı, sənətin ecazkarlığını qoruyur və daxili zənginliyi ilə əsərlərin gözəlliyinə əlavə ovqat bəxş edir. Sərginin ekspozisiyasında yer alan 70-dək sənət əsərinin ayrı-ayrılıqda məna və məzmun baxımından dolğun olduğuna diqqət çəkən natiqlər ona yaradıcılıq axtarışlarında uğurlar arzulayıblar.
Çıxış edən digər qonaqlar sərginin əhəmiyyətindən və aktrisanın incəsənətə bağlılığından söz açıblar.
Daha sonra qonaqlar bir həftə davam edəcək sərgi ilə tanış olublar.