MƏDƏNİYYƏT


Rəsul Rza və Nigar Rəfibəylinin uşaq şeirlərinin yeni nəşri təqdim olunub VİDEO

A+ A

Bakı, 2 iyul, AZƏRTAC

İyulun 2-də “Park Bulvar” Ticarət və Əyləncə Mərkəzində Xalq şairləri Rəsul Rza və Nigar Rəfibəylinin uşaqlar üçün təbiət mövzusunda müxtəlif illərdə yazdıqları şeir kitablarının yeni nəşrinin təqdimatı olub.

Tədbirdə Abdulla Şaiq adına Azərbaycan Dövlət Kukla Teatrının nəzdində fəaliyyət göstərən “Oyuq” uşaq teatrının balaca aktyorları Rəsul Rza və Nigar Rəfibəylinin şeirlərini oxuyub, səhnəciklər göstəriblər. N.Rəfibəylinin “Laylay” və “Güllər” şeirlərinə bəstələnən mahnılar səsləndirilib, müxtəlif nağıl qəhrəmanlarının obrazları canlandırılıb. Feys-art ustaları uşaqları maraqlı rəsmlərlə sevindiriblər.

“Qanun” nəşriyyatının direktoru Şahbaz Xuduoğlu təqdimat mərasimində çıxış edərək deyib ki, bu cür təşəbbüslər uşaqların ana dilinə marağının artmasında və uşaq ədəbiyyatının təbliğində mühüm rol oynayır.

“Park Bulvar” Ticarət və Əyləncə Mərkəzinin ictimaiyyətlə əlaqələr şöbəsinin müdiri Günay Malikqızı vurğulayıb ki, müasir dövrün aktual mövzularından biri ekologiyadır. Bu mövzu hələ keçən əsrdə Azərbaycan şairlərinin əsərlərində əksini tapıb. R.Rza və N.Rəfibəylinin şeirləri bunun gözəl nümunəsidir. “Park Bulvar” Ticarət və Əyləncə Mərkəzi ətraf mühitin mühafizəsinə yönələn təşəbbüsləri dəstəkləməyə hər zaman hazırdır.

R.Rza və N.Rəfibəylinin nəvəsi Günel Anarqızı tədbirin təşkilatçılarına və iştirakçılarına təşəkkür edərək bildirib ki, təqdimatı keçirilən nəşrlərə daxil edilmiş şeirlər keçən əsrin 60-70-ci illərində yazılıb. Onların bu gün yenidən nəşr olunması Azərbaycan uşaq ədəbiyyatının təbliğinə mühüm töhfədir.

Kitablar şairlərin nəvə və nəticələrinin təşəbbüsü ilə “Qanun” nəşriyyatı tərəfindən çap olunub. Yenidən nəşr olunan doqquz kitaba R.Rzanın və N. Rəfibəylinin “Ağaclar”, “Güllər-çiçəklər”, “Ev heyvanları”, “Vəhşi heyvanlar”, “Çöl quşları”, “Bostan və tərəvəz bitkiləri” və digər şeirləri daxil edilib. Kitabları “Əli və Nino” mağazalar şəbəkəsindən almaq mümkündür.

Təqdimat mərasimi Gənclər və İdman Nazirliyi, “Park Bulvar” Ticarət və Əyləncə Mərkəzinin dəstəyi ilə təşkil olunub. İnformasiya dəstəyini AZƏRTAC-ın Uşaq Bilik Portalı göstərib. Tədbirin keçirilməsinə Azərbaycan Dövlət Kukla Teatrının nəzdindəki “Oyuq” studiyasının rəhbəri Səidə Haqverdiyevanın böyük köməyi dəyib.

 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.