İDMAN
“Reuters” agentliyi Azərbaycan taekvondoçularının “Rio-2016” XXXI Yay Olimpiya Oyunlardakı uğurlarından yazıb
Bakı, 23 avqust, AZƏRTAC
Dünyanın nüfuzlu xəbər agentliyi “Reuters” Azərbaycan taekvondoçularının “Rio-2016” XXXI Yay Olimpiya Oyunlardakı uğurlarından yazıb. Yazıda bildirilir ki, Azərbaycan taekvondoçuları bu döyüş növünün yalnız öz Vətənində yaşamadığını sübut edib.
AZƏRTAC xəbər verir ki, Braziliyanın Rio-de-Janeyro şəhərində keçirilən XXXI Yay Olimpiya Oyunlarında Azərbaycan idmançılarının uğurlu çıxışı dünya mediasının diqqət mərkəzindədir.
Agentliyin Olimpiadanın nəticələri ilə bağlı hazırladığı materialda deyilir: “Azərbaycan sübut edib ki, taekvondo çempionları yalnız bu döyüş növünün vətənində yaşamır. Koreya Respublikası 2 qızıl və 3 bürünc medalla taekvondodakı üstünlüyünü “Rio-2016”da da göstərib. Bununla yanaşı, Azərbaycan, Böyük Britaniya və Afrika ölkələrindən olan idmançılar bu idman növünün öz Vətənindən kənarda yayıldığını nümayiş etdiriblər. Azərbaycanlı taekvondoçular XXXI Yay Olimpiya Oyunlarda 1 qızıl, 2 bürünc medal əldə ediblər. “Rio” olimpiadasında 80 kiloqramdan yuxarı çəki dərəcəsində mübarizə aparan Azərbaycan taekvondoçusu Radik İsayev Nigeriya idmançısı Abdulrazzak İssufu 6:2 hesabı ilə məğlub edərək qızıl medal qazanıb. Azərbaycanın digər taekvondoçuları Milad Beiqi Harçeqani (80 kq) və Patimat Abakarova (49 kq) bürünc medala sahib olublar”.