ELM VƏ TEXNOLOGİYA


Rəyasət heyətinin növbəti iclasında bir sıra mühüm məsələlər müzakirə edilib

A+ A

Bakı, 21 sentyabr, AZƏRTAC

Sentyabrın 21-də Azərbaycan Milli Elmlər Akademiyası (AMEA) rəyasət heyətinin növbəti iclası keçirilib. Əvvəlcə AMEA-nın prezidenti, akademik Akif Əlizadə gündəlikdəki məsələləri diqqətə çatdırıb.

AMEA-dan AZƏRTAC-a bildiriblər ki, tədbirdə bu qurumun vitse-prezidenti, Neft və Qaz İnstitutunun direktoru, akademik İbrahim Quliyevin “Neft və qaz elmi 2030: gələcəyə baxış” mövzusunda məruzəsi dinlənilib. Akademik bildirib ki, hazırda neft və qaz axtarışları yeddi-on dörd kilometr dərinlik mərhələsinin başlanğıcındadır ki, bu da öz növbəsində, müasir geofiziki üsulların dərində olan yataqların öyrənilməsinə adaptasiyasını tələb edir.

İntellektual neft-qaz yataqlarının araşdırılması istiqamətində fundamental tədqiqatların aparılmasının da qarşıda duran vacib məsələlərdən olduğunu deyən İ.Quliyev bu sahədə problemlərin həllinin super kompyuter texnologiyaları əsasında yeni metodların tətbiqi ilə mümkünlüyünü qeyd edib. Akademik 2030-cu ilədək Azərbaycanın tamamilə yeni karbohidrogen xammalının istifadəsi üzrə dünya lideri ola biləcəyini vurğulayıb. Bildirilib ki, bir neçə ildir AMEA-nın Geologiya və Geofizika İnstitutunun alimləri almaniyalı həmkarları ilə birlikdə Azərbaycanın palçıq vulkanlarından ayrılan karbohidrogen qazlarının uzunmüddətli termik monitorinqini aparırlar. Alınan nəticələr məhz bərpa olunan karbohidrogen sisteminin yaradılması üçün əsas olacaq.

Akademik Akif Əlizadə “Elm haqqında” Azərbaycan Respublikasının Qanununun tətbiqi barədə dövlətimizin başçısının 2016-cı il 9 avqust tarixli Fərmanının icrasını təmin etmək məqsədilə Nazirlər Kabinetinin sərəncam imzaladığını xatırladıb. Akademik bildirib ki, sənədin ikinci və üçüncü bəndlərinin icrası digər dövlət qurumları ilə razılaşdırmaqla AMEA-ya həvalə edilib və dörd ay müddətində icrası nəzərdə tutulub. Qeyd olunanları əsas tutaraq rəyasət heyəti sərəncamın icrası ilə bağlı işçi qrupunun yaradılması və tərkibi haqqında qərar qəbul edib.

Sonra AMEA-nın elmi müəssisələrinin təhsil şöbələrinin statusu müzakirə edilib. AMEA rəhbəri bildirib ki, akademiyanın elmi müəssisələrində magistratura və doktorantura üzrə yüksəkixtisaslı mütəxəssislərin hazırlanması, doktorantura və dissertantura hazırlığı üzrə qəbul və doktorluq imtahanları üçün test bankının, ixtisas proqramlarının tərtibi və təkmilləşdirilməsi elmi müəssisələrdə təhsil şöbələrinin yaradılmasını zəruri edib. Akademik A.Əlizadə AMEA-nın bir çox elmi müəssisələrində təhsil şöbələrinin yaradıldığını xatırladıb.

Rəyasət heyəti AMEA-nın elmi müəssisələrinin təhsil şöbələrinin statusunun elmi şöbələrin və laboratoriyaların statusuna bərabər tutulması haqqında qərar qəbul edib.

İclasda bir sıra elmi təşkilati və kadr məsələlərinə də baxılıb.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.