CƏMİYYƏT
Reykyavik dünyada ən “yaşıl” şəhərə çevrilməyi planlaşdırır
Bakı, 19 sentyabr, AZƏRTAC
Reykyavik 2040-cı ilə qədər dünyada ən yaşıl şəhərə çevrilməyi planlaşdırır. İslandiya paytaxtı öz qarşısına çox ambisiyalı bir məqsəd qoyub: o, “insan əlinin məhsulu” olan karbon qazı tullantılarının həcmini neytral səviyyəyə qədər azaltmaq niyyətindədir.
AZƏRTAC gismeteo.ru saytına istinadla xəbər verir ki, istilik təchizatı sistemləri tullantıların həcminin azaldılmasına mane olmayacaq. Reykyavikdə mənzillərin 98 faizi XX əsrin 30-cu illərindən bu günə qədər işləyən geotermal stansiyalardan istifadə edilməklə qızdırılır.
İslandiya paytaxtındakı nəqliyyat sisteminin modernləşdirilməsinə ehtiyac yaranıb. 2030-cu ilə qədər Reykyavik əhalisinin 12 faizi ictimai nəqliyyatdan istifadə etməyə başlayacaq. Həmin dövrdə bütün ictimai nəqliyyat “yaşıl” enerji mənbələri ilə işləyəcək. Şəhərdə elektromobillərə cərəyan doldurmaq üçün stansiyalar quraşdırılacaq, velosipedlərdən istifadə edilməsi təşviq olunacaq.
İnfrastruktur obyektlərinin yerləri elə dəyişdiriləcək ki, şəhər sakinləri həmin obyektlərə piyada gedə bilsinlər. Eyni sözlər iş yerlərinə də aiddir. Piyadaların sayının indiki 19 faizdən 30 faizə çatdırılması nəzərdə tutulur.
Reykyavik sakinləri şəhər hüdudlarında tərəvəz yetişdirməyi və qida tullantılarından kompost istehsal etməyi öyrənəcəklər. Arzu edənlər şəhərin yaşıllaşdırılmasında iştirak edə biləcəklər.