ELM VƏ TƏHSİL
“Rezidentura” xüsusi buraxılışının üçüncü nömrəsi çapdan çıxıb
Bakı, 21 iyun, AZƏRTAC
Dövlət İmtahan Mərkəzi (DİM) “Rezidentura” xüsusi buraxılışının üçüncü nömrəsini nəşr etdirib.
DİM-dən AZƏRTAC-a bildiriblər ki, jurnalın bu nömrəsində 2017/2018-ci tədris ili üçün rezidenturaya qəbul imtahanının ikinci mərhələsi və ixtisas seçimi haqqında elan, “Namizədin elektron ərizəsi”ndə ixtisasların seçimi və təsdiqi üçün təlimat, “Namizədin elektron ərizəsi”ndə ixtisas seçimi formasının nümunəsi, rezidenturaya qəbul aparılan ixtisaslar və onların plan yerləri barədə məlumatlar dərc edilib.
Bu nömrədə, həmçinin rezidenturaya qəbul imtahanının birinci mərhələsinin nəticələri, qəbul planının müqayisəli təhlili və namizədlər üçün tövsiyələr, 2016-cı ildə rezidenturaya qəbul müsabiqəsində klinik bazaların ixtisasları üzrə formalaşmış keçid balları da təqdim olunub.
Jurnalı Bakı şəhəri, Nəsimi rayonu, A.Salamzadə küçəsi, 28; Yasamal rayonu, Mikayıl Müşfiq küçəsi, 1M ünvanlarındakı “Abituriyent” satış köşklərindən almaq və ya www.abiturient.az saytından sifariş etmək olar.