ELM VƏ TƏHSİL
Rezidenturaya qəbul imtahanının ikinci mərhələsi Bakı və Naxçıvan şəhərlərində keçiriləcək
Bakı, 27 iyul, AZƏRTAC
Tələbə Qəbulu üzrə Dövlət Komissiyası (TQDK) iyulun 29-da 2016/2017-ci tədris ili üçün Azərbaycan Respublikasında baza ali tibb təhsili əsasında həkim-mütəxəssislərin hazırlanması məqsədilə rezidenturaya qəbul imtahanının ikinci mərhələsini keçirəcək.
TQDK-dan AZƏRTAC-a bildiriblər ki, imtahan Bakıda bir, Naxçıvan şəhərində də bir binada saat 11.00-da başlanacaq və iki saat otuz dəqiqə davam edəcək.
Namizədlərə iyulun 25-dən etibarən internet vasitəsilə “Namizədin imtahana buraxılış vərəqəsi” təqdim olunur.
İmtahanda iştirak etmək üçün namizədlər şəxsiyyəti təsdiqləyən sənədin əslini, imtahan gününə müvafiq olan “Namizədin imtahana buraxılış vərəqəsi”ni mütləq təqdim etməlidirlər:
Göstərilən sənədlərdən biri olmadıqda və ya sənədlər arasında uyğunsuzluq aşkarlandıqda namizəd imtahana buraxılmayacaq.
İmtahanda namizədlərə ixtisas fənləri üzrə yüz test tapşırığı təqdim olunur və hər bir test tapşırığının düzgün cavabı bir balla qiymətləndirilir, səhv cavablar namizədin imtahan nəticəsinə təsir göstərmir.
Müsabiqə baza və ixtisas fənlərindən toplanılan balların cəminə əsasən aparılır. Müsabiqədə iştirak etmək üçün namizədin ixtisas fənləri üzrə topladığı test balı 50-dən, ümumi balı 90-dan az olmamalıdır.
Qeyd edək ki, rezidenturaya ərizə qəbulu internet vasitəsilə martın 1-dən 10-dək aparılıb və 1.239 namizəd elektron ərizəni doldurub təsdiqləyib. Onlardan 442-si imtahanın birinci mərhələsinin (3 aprel 2016-cı il) müsabiqə şərtini ödəyərək (40 və daha çox bal toplayaraq) imtahanın ikinci mərhələsində iştirak hüququ qazanıb. İkinci mərhələyə buraxılan namizədlərin 325-i qız, 117-si oğlandır. 407 namizəd Azərbaycan bölməsinin, 35 namizəd rus bölməsinin, 272 namizəd cari ilin, 170 namizəd isə əvvəlki illərin məzunudur, dörd nəfər xarici ölkə vətəndaşıdır. Bakı şəhərində 430, Naxçıvan şəhərində isə 12 namizədin imtahan verəcəyi nəzərdə tutulur.
İmtahanların idarə olunması üçün səkkiz imtahan rəhbəri, 42 zal nəzarətçisi ayrılıb.
Rezidenturaya qəbul olunmaq üçün ixtisas seçimi avqustun 1-dən 7-dək aparılacaq. Namizədlər həmin müddət ərzində elektron ərizələrinə daxil olaraq ali tibb təhsili bazasına uyğun (bitirdiyi fakültəyə müvafiq olan) ixtisasları seçib təsdiqləməlidirlər.