ELM VƏ TƏHSİL
Rezidenturaya qəbul imtahanının ikinci mərhələsi aparılıb
Bakı, 29 iyul, AZƏRTAC
İyulun 29-da Tələbə Qəbulu üzrə Dövlət Komissiyası (TQDK) 2016/2017-ci tədris ili üçün Azərbaycan Respublikasında baza ali tibb təhsili əsasında həkim-mütəxəssislərin hazırlanması məqsədilə rezidenturaya qəbul imtahanının II mərhələsini keçirib.
Bakı və Naxçıvan şəhərlərində saat 11.00-da başlanan imtahan saat 13.30-da başa çatıb.
İmtahanda namizədlərə ixtisas fənləri üzrə 100 test tapşırığı təqdim olunur və hər bir test tapşırığının düzgün cavabı 1 (bir) balla qiymətləndirilir, səhv cavablar namizədin imtahan nəticəsinə təsir göstərmir.
Müsabiqə baza və ixtisas fənlərindən toplanılan balların cəminə əsasən aparılır. Müsabiqədə iştirak etmək üçün namizədin ixtisas fənləri üzrə topladığı test balı 50-dən, ümumi balı 90-dan az olmamalıdır.
Rezidenturaya ərizə qəbulu internet vasitəsilə 2016-ci il martın 1-dən 10-dək aparılıb və 1239 namizəd elektron ərizə doldurub təsdiq edib. Onlardan 442 nəfər imtahanın I mərhələsinin (2016-cı il 3 aprel) müsabiqə şərtini ödəyərək (40 və daha çox bal toplayaraq) imtahanın II mərhələsində iştirak etmək hüququ qazanıb.
Rezidenturaya qəbul olmaq üçün ixtisas seçimi avqustun 1-dən 7-dək aparılacaq. Namizədlər müəyyən olunmuş müddət ərzində elektron ərizələrinə daxil olaraq ali tibb təhsili bazasına uyğun (bitirdiyi fakültəyə müvafiq olan) ixtisasları seçib təsdiq etməlidirlər.