ELM VƏ TƏHSİL
Rezidenturaya qəbul imtahanının ikinci mərhələsi başlanıb
Bakı, 5 iyul, AZƏRTAC
İyulun 5-də Dövlət İmtahan Mərkəzi (DİM) 2017/2018-ci tədris ili üçün Azərbaycan Respublikasında baza ali tibb təhsili əsasında həkim-mütəxəssislərin hazırlanması məqsədilə rezidenturaya qəbul imtahanının II mərhələsini keçirir.
DİM-dən AZƏRTAC-a bildiriblər ki, imtahan Bakı şəhərində iki, Naxçıvan şəhərində bir binada olmaqla saat 11.00-da başlanıb və saat 13.30-da başa çatacaq.
İmtahanlara nəzarətçi-müəllimlər nəzarət edirlər.
İmtahanda namizədlərə ixtisas fənləri üzrə 100 test tapşırığı təqdim olunur və hər bir test tapşırığının düzgün cavabı 1 (bir) balla qiymətləndirilir, səhv cavablar namizədin imtahan nəticəsinə təsir göstərmir.
Müsabiqə baza və ixtisas fənlərindən toplanılan balların cəminə əsasən aparılır. Müsabiqədə iştirak etmək üçün namizədin ixtisas fənləri üzrə topladığı test balı 50-dən, ümumi balı 90-dan az olmamalıdır.
Cari ildə rezidenturaya ərizə təqdim etmiş namizədlərdən 655 nəfəri imtahanın I mərhələsinin (2017-cı il 9 aprel) müsabiqə şərtini ödəyərək (40 və daha çox bal toplayaraq) imtahanın II mərhələsində iştirak etmək hüququ qazanıb.