ELM VƏ TƏHSİL


Rezidenturaya qəbul imtahanının ikinci mərhələsinin nəticələri açıqlanıb

Bakı, 6 iyul, AZƏRTAC

Dövlət İmtahan Mərkəzi (DİM) iyulun 5-də 2017/2018-ci tədris ili üçün Azərbaycan Respublikasında baza ali tibb təhsili əsasında həkim-mütəxəssislərin hazırlanması məqsədilə rezidentura səviyyəsinə qəbul imtahanının ikinci mərhələsini keçirib.

Nəticələr mərkəzin internet saytında yerləşdirilib.

İmtahanda iştirak etmiş hər bir namizəd DİM-in internet saytında imtahan nəticələri və cavab kartının qrafik təsviri ilə tanış ola bilər.

Namizədlər imtahan nəticələri barədə məlumatı, həmçinin mobil telefonla 7727 nömrəsinə iş nömrələrini göndərməklə də öyrənə bilərlər.

Nəticələrə əsasən, imtahanda iştirakı gözlənilən 655 namizəddən üçü imtahana gəlməyib. İmtahanda iştirak edən 652 namizəddən 510-u müsabiqə şərtini (ixtisas fənləri üzrə topladığı test balı 50-dən, ümumi balı 90 dan az olmayan) ödəyərək ixtisaslaşma seçiminə buraxılıb.

İkinci mərhələ üzrə ən yüksək nəticə toplanıla biləcək maksimal 100 baldan 90 bal olub. Hər iki mərhələ üzrə ən yüksək nəticə isə toplanıla biləcək maksimal 200 baldan 171 bal olub.

Rezidenturaya qəbul olunmaq üçün ixtisas seçimi iyulun 7-dən 14-dək aparılacaq. Müsabiqə şərtini ödəyən namizədlər bu müddətdə elektron ərizələrinə daxil olub baza ali tibb təhsili üzrə uyğun (bitirdiyi fakültəyə müvafiq olan) ixtisasları “Rezidentura” jurnalının üçüncü nömrəsində dərc edilmiş “Rezidenturaya qəbul aparılan ixtisaslar” bölümündən (səhifə 5-7) seçib təsdiqləməlidirlər.

“Rezidentura” jurnalının üçüncü nömrəsində “Namizədin elektron ərizəsi”ndə ixtisasların seçimi və təsdiqi üçün təlimat, "Namizədin elektron ərizəsi"ndə ixtisas seçimi formasının nümunəsi, rezidenturaya qəbul aparılan ixtisaslar və onların plan yerləri də dərc edilib.

Bu nömrədə, həmçinin 2016-cı ildə rezidenturaya qəbul müsabiqəsində klinik bazaların ixtisasları üzrə formalaşmış keçid balları, qəbul planının müqayisəli təhlili və namizədlər üçün tövsiyələr də təqdim olunub.

 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.