İDMAN


“Rio-2016”: Avarçəkənlərimizin Olimpiadadakı ilk rəqibləri məlum olub

A+ A

Bakı, 5 avqust, AZƏRTAC 

XXXI Yay Olimpiya Oyunlarında akademik avarçəkmə yarışının püşkü atılıb. İdmanın bu növü üzrə yarışlarda Azərbaycanı təmsil edəcək Aleksandr Aleksandrov - Boris Yotov duetinin rəqibləri müəyyənləşib.

Azərbaycan Milli Avarçəkmə Federasiyasından AZƏRTAC-a bildiriblər ki, ikinəfərlik qoşa avarlı qayıqla (M2X) 2000 metr məsafəyə yürüşlərə qatılacaq duet avqustun 6-da Bakı vaxtı ilə saat 18:30-da start xəttinə çıxacaq. Onlar ikinci yürüş zolağında yer alacaqlar. Rəqiblər isə Eduardo Rubio Rodriges - Adrian Oquendo (Kuba), Robert Menson - Kristofer Harris (Yeni Zelandiya), Conatan Uolton - Con Kollinz (Böyük Britaniya) və Françesko Fossi - Romano Battisti (İtaliya) cütlükləri olacaq. Bu, seçmə mərhələdə ən çox avarçəkənin çıxış edəcəyi yürüş olacaq. Digər iki yürüşün hər birinə 4 duet qatılacaq.

Reqlamentə əsasən, seçmə yürüşlərin yekununda ilk üçlüyə düşənlər birbaşa yarımfinala yüksələcəklər. Qalan pillələrin sahibləri isə yarımfinala təşəlliverici yürüş vasitəsilə vəsiqə qazanmağa çalışacaqlar.

Aleksandr Aleksandrov - Boris Yotov dueti Olimpiadada ilk dəfə eyni qayıqda çıxış edəcək. Amma A.Aleksandrov 2012-ci il London Yay Olimpiya Oyunlarında birnəfərlik qayıqla (M1X) 2000 metr məsafəyə yürüşün finalında mübarizə apararaq beşinci yeri tutub. B.Yotov isə yeniyetmələrin 2014-cü il Nankin Yay Olimpiya Oyunlarının gümüş mükafatçısı olub.

Rəqiblərdən Françesko Fossi və Romano Battisti (İtaliya) 2013-cü ildən birgə çıxış edirlər. Həmin il onlar Avropa çempionu, üçüncü dünya kubokunun gümüş, dünya çempionatının bürünc mükafatçıları olublar. 2014-cü il dünya çempionatında gümüş, birinci dünya kubokunda bürünc medal qazanan duet ötən il ikinci dünya kubokunda bürünc medalla kifayətlənib. İtaliya təmsilçiləri dünya çempionatında dördüncü yerin sahibi kimi olimpiadaya yüksəliblər.

Robert Menson ilə Kristofer Harris (Yeni Zelandiya) isə bürünc medal qazandıqları 2015-ci il dünya çempionatından etibarən birgə çıxış edir. Bu il isə onlar üçüncü dünya kubokunda qızıl, ikinci dünya kubokunda gümüş medal əldə ediblər.

Conatan Uolton - Con Kollinz (Böyük Britaniya) dueti ötənilki dünya çempionatının “B” finalında A.Aleksandrov – B.Yotov duetindən sonra finişə çataraq səkkizinci yerin sahibi kimi olimpiadaya yüksəlib. Builki reqatalarda isə onların ən yüksək nəticəsi üçüncü dünya kubokunda gümüş medal olub.

Eduardo Rubio Rodriges - Adrian Oquendo (Kuba) duetinin ən yüksək nəticəsi bu il birinci dünya kubokunda beşinci yer olub.

Rio Olimpiadasının avarçəkmə yarışları avqustun 6-dan 10-dək keçiriləcək.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.