İDMAN
“Rio-2016”: Azərbaycan boksçusu Lorenzo Sotomayor Olimpiya Oyunlarında ikinci olub VİDEO
Bakı, 21 avqust, AZƏRTAC
Avqustun 21-də “Rio-2016” Yay Olimpiya Oyunlarının son günündə boks yarışlarına yekun vurulub.
AZƏRTAC xəbər verir ki, Azərbaycan boks yığmasının üzvü Lorenzo Sotomayor 64 kiloqram çəkidə həlledici döyüşə çıxıb. Sotomayorun finaldakı rəqibi özbəkistanlı idmançı Fazliddin Qaybnəzərov olub. Dünya və Asiya çempionatının gümüş mükafatçısına məğlub olan təcrübəli boksçumuz Olimpiadanın gümüş medalını qazanıb.
AZƏRTAC-ın arayışı: Boksçumuz yarımfinalda Almaniyanı təmsil edən erməni rəqibi Artyom Harutyunyan üzərində inamlı qələbə (3:0) qazanmaqla finala yüksəlmişdi. L. Sotomayor rəqibini mübarizədən kənarlaşdıraraq, həm də boks tariximizdə yeni səhifə açmağı bacarıb. Çünki hələ bunadək Olimpiya Oyunlarında finala çıxan boksçumuz olmamışdı.
Otuz bir yaşlı təcrübəli boksçu yarımfinaladək ukraynalı Vladimir Matviyçuku, fransalı Hassan Amzili və kubalı Yasniel Toledonu mübarizədən kənarlaşdırıb.
Boks yığmamızın hesabında bunadək bir bürünc medal var idi. Komandamıza bu mükafatı Kamran Şahsuvarlı qazandırmışdı.
“Bakı-2015” birinci Avropa Oyunlarında qızıl medal qazanan L. Sotomayor 29 iyun 2015-ci ildə Avropa Oyunlarında qazanılmış yüksək nailiyyətlərə və Azərbaycan idmanının inkişafında böyük xidmətlərinə görə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin sərəncamı ilə “Şöhrət” ordeni ilə təltif edilib.