REGİONLAR


“Rio-2016” Olimpiya Oyunlarının medalçısı Rəsul Çunayev Balakəndə böyük coşqu ilə qarşılanıb VİDEO

A+ A

Balakən, 26 avqust, Mustafa Dadaşov, AZƏRTAC

Rio-de-Janeyroda keçirilən XXXI Yay Olimpiya Oyunlarında yunan-Roma güləşi üzrə yarışlarda bürünc medal qazanan Rəsul Çunayev avqustun 26-da doğulub boya-başa çatdığı Balakəndə böyük coşqu ilə qarşılanıb.

AZƏRTAC xəbər verir ki, Olimpiya Oyunlarının mükafatçısını Balakən şəhərindəki ümummilli lider Heydər Əliyevin adını daşıyan mədəniyyət və istirahət parkının qarşısındakı meydanda rayon sakinləri, ictimaiyyətin nümayəndələri, idmançılar, onun ailə üzvləri gül-çiçəklə qarşılayıblar.

Rəsul Çunayev Rioya qızıl medal üçün getdiyini, lakin qazandığı bürünc medalın da onun üçün çox qiymətli olduğunu vurğulayıb, onu dəstəkləyən hər bir kəsə minnətdarlığını bildirib.

Olimpiya medalçısı və onu qarşılamağa gələnlər ümummilli lider Heydər Əliyevin mədəniyyət və istirahət parkında, dağüstü yüksəklikdə ucaldılan abidəsi önünə gül-çiçək düzüb, xatirəsini ehtiramla yad ediblər.

Xatırladaq ki, Rəsul Çunayev 1991-ci ildə Balakən şəhərində anadan olub. O, 2015-ci ildə Las-Veqasda keçirilən dünya çempionatında qızıl medal qazanıb. Avropa çempionatının qızıl və gümüş mükafatçısı olan Rəsul Çunayev həm də ötən il Bakıda keçirilən birinci Avropa Oyunlarının qızıl mükafatçısıdır.

Birinci Avropa Oyunlarında qazandığı yüksək nailiyyətlərə və Azərbaycan idmanının inkişafında xidmətlərinə görə R.Çunayev Azərbaycan Prezidenti İlham Əliyevin Sərəncamı ilə “Şöhrət” ordeni ilə təltif edilib.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.