İDMAN
“Rio-2016”: Toğrul Əsgərov Olimpiya Oyunlarının gümüş medalını qazanıb [YENİLƏNİB] VİDEO
65 kiloqram çəki dərəcəsində çıxış edən sərbəst güləşçimiz Toğrul Əsgərov qızıl medal uğrunda mübarizədə rusiyalı Soslan Ramonova məğlub olaraq Rio Olimpiadasının gümüş medalını qazanıb.
AZƏRTAC-ın arayışı: Toğrul Əsgərov 1992-ci il sentyabrın 17-də Azərbaycanın Gəncə şəhərində anadan olub. Güləşçimiz “London -2012” Olimpiya Oyunlarının, 2012-ci ildə Avropa çempionatının və “Bakı-2015” birinci Avropa Oyunlarının qalibi olub.
Birinci Avropa Oyunlarında güləşçimizə mükafatı Azərbaycan Prezidenti İlham Əliyev təqdim edib. İdmançımız 2012-ci ildə Yay Olimpiya Oyunlarından sonra “Şöhrət” ordeni, 2015-ci ildə isə Avropa Oyunlarında qazandığı qızıl medala görə “Vətənə xidmətə görə” ordeni ilə təltif edilib.
Qeyd edək ki, millimizin Rioda çıxışını başa vurmuş digər güləşçiləri Hacı Əliyev (57 kq), Cəbrayıl Həsənov (74 kq) və Şərif Şərifov (85 kq) bürünc medal qazanıblar. Cəmaləddin Məhəmmədov (125 kq) isə yarışı 12-ci sırada bitirib.
17:56
Finala vəsiqə qazanan Olimpiya çempionumuz Toğrul Əsgərov qızıl medal uğrunda mübarizədə rusiyalı Soslan Ramonovla qarşılaşacaq.
Final görüşü təxminən saat 21:15-də başlayacaq.
17:02
London Olimpiadasının qalibi Toğrul Əsgərov dörddəbir finalda ABŞ idmançısı Frank Anyello Molinaro üzərində 10:0 hesabı ilə təmiz qələbə qazanaraq yarımfinala yüksəlib.
16:08
Bakı, 21 avqust, AZƏRTAC
Avqustun 21-də “Rio-2016” Yay Olimpiya Oyunlarında sərbəst güləş yarışlarına 65 kiloqram çəki dərəcəsində idmançımız Toğrul Əsgərov Olimpiadanın son günündə mükafat uğrunda yarışa qoşulub.
Toğrul Əsgərov səkkizdəbir finalda ukraynalı Andrey Kvyatovsk üzərində 12-2 hesabı ilə təmiz qələbə qazanıb.