İDMAN


“Rio-2016”da altıncı gün: Elmar Qasımovun gümüş medalı, Teymur Məmmədovun növbəti qələbəsi

A+ A

Bakı, 12 avqust, AZƏRTAC

XXXI Yay Olimpiya Oyunlarının altıncı günündə - avqustun 11-də Azərbaycanın altı atleti idmanın üç növü üzrə mübarizə aparıb.

AZƏRTAC xəbər verir ki, əvvəlcə 100 kiloqram çəki dərəcəsində çıxış edən cüdoçumuz Elmar Qasımov tatami üzərinə çıxıb. E.Qasımov 1/16 finalda rusiyalı Avropa, dünya və Olimpiya çempionu Tahir Xaybulayevdən üstün olub. Səkkizdəbir finalda Lyes Bouyakoubu (Əlcəzair) mübarizədən kənarlaşdıran E.Qasımov dörddəbir finalda Afrika çempionatının qalibi misirli Ramadan Dərvişi məğlub edərək yarımfinala vəsiqə qazanıb. Azərbaycan idmançısı bu mərhələdə ukraynalı Artem Bloşenkoya qalib gələrək finala yüksəlib. Finalda 2014-cü ilin dünya və Avropa çempionu çexiyalı Lukas Krpalekə uduzaraq XXXI Yay Olimpiya Oyunlarını gümüş medalla başa vurub.

Akademik avarçəkənlərimiz növbəti sınağa çıxıblar. Aleksandr Aleksandrov - Boris Yotov tandemi ikinəfərlik qoşa avarlı qayıqla 2000 metr məsafəyə “B” finalı (7-12-ci yerlər) yürüşünə qatılıb. Onların rəqibləri serbiyalı Marko Maryanoviç - Andriya Slyukiç, almaniyalı Marsel Hakker - Ştefan Krüger, yeni zelandiyalı Robert Menson - Kristofer Harris, avstraliyalı Devid Uotts - Kristofer Morqan və bolqarıstanlı Georgi Bojilov - Kristian Vasilev cütlükləri olublar. Azərbaycan dueti yarışı 12-ci pillədə başa vurub.

Mötəbər yarışın altıncı günündə Azərbaycanın dörd boksçusu rinqə çıxıb. İlk döyüşdə dünya çempionu Cavid Çələbiyev (56 kq) 1/16 finalda qazaxıstanlı rəqibi Kayrat Yeraliyevlə üz-üzə gəlib. Görüş qazaxıstanlı boksçunun qələbəsi ilə başa çatıb. Digər təmsilçimiz Lorenso Sotomayor (64 kq) 1/16 finalda ukraynalı Vladimir Matviyçukdan üstün olub. Boksçumuzun növbəti mərhələdəki rəqibi Hassan Amzil (Fransa) olacaq. Pərviz Bağırov (69 kq) səkkizdəbir final görüşündə fransalı Süleyman Diop Sissokoya məğlub olaraq mötəbər yarışda mübarizəni dayandırıb. Azərbaycan yığmasının bayraqdarı Teymur Məmmədov (81 kq) Olimpiya Oyunlarında ikinci qələbəsini qazanıb. Səkkizdəbir finalda hollandiyalı Peter Müllenberqi məğlub edən T.Məmmədov növbəti mərhələdə qazaxıstanlı Adilbek Niyazimbetov ilə qarşılaşacaq.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.