İDMAN


“Rio-2016”nın 11-ci günündə Azərbaycanın üç atletı mübarizə aparacaq

A+ A

Bakı, 16 avqust, AZƏRTAC 

Avqustun 16-da “Rio-2016” Yay Olimpiya Oyunlarının növbəti yarış günündə Azərbaycanın üç atleti mükafatlar uğrunda mübarizə aparacaq.

AZƏRTAC xəbər verir ki, idmanın üç növündə yarışacaq idmançıların hər birinin medal şansı var.

Günün proqramı üzrə əvvəlcə İnna Osipenko-Radomskaya qadınlar arasında bir nəfərlik kayak qayığı (K-1) ilə 200 metr məsafəyə final yürüşünə çıxacaq. Bakı vaxtı ilə saat 16:47-də başlayacaq yürüşdə onun rəqibləri yarımfinalda üstələdiyi fransalı Sara Quyo (40,516), sloveniyalı Spela Ponomarenko Yaniç (40,797), eləcə də digər yarımfinal yürüşlərində yüksək nəticələr göstərmiş yeni zelandiyalı Liza Karrinqton (39,561), ispaniyalı Tereza Portela Rivas (40,241), qazaxıstanlı İnna Klinova (40,381), polşalı Marta Valçikeviç (40,619), isveçli Linnya Stensils (41,245) olacaq.

Osipenko-Radomskaya ötən üç Olimpiya Oyunlarında Ukrayna millisində çıxış edib və daim mükafatçılar sırasında yer alıb. O, “Afina-2004”də dörd nəfərlik qayıqla 500 metr məsafəyə yürüşdə bürünc, “Pekin-2008”də bir nəfərlik qayıqla 500 metr məsafəyə yürüşdə qızıl, “London-2012”də isə bir nəfərlik qayıqla həm 200 metr, həm də 500 metr məsafələrə yürüşdə gümüş medal qazanıb. Onun aktivində 2010-cu il dünya çempionatının qızıl medalı da var. Eyni zamanda, hazırda təmsilçimizin rəqibləri olan Tereza Portela Rivas və Marta Valçikeviç də “London-2012”də final yürüşündə 4-5-ci yerləri bölüşdürüb.

Saat 17:00-da yunan-Roma güləşi növündə Azərbaycanın son təmsilçisi Rəsul Çunayev (66 kq) ilk görüşünə çıxacaq. Onun onaltıdabir final mərhələsində rəqibi kubalı Migel Martines Palasio olacaq. Atletimiz kubalı Palasio üzərində qələbə qazanacağı halda, səkkizdəbir finalda Pekin Olimpiadasının qalibi, dünya və Avropa çempionu İslam-Beka Albiyev (Rusiya) - İon Panait (Rumıniya) cütünün qalibi ilə üz-üzə gələcək. Çunayev ötən il birinci Avropa Oyunlarında və dünya çempionatında 71 kiloqram çəki dərəcəsində qızıl medal qazanıb. Amma bu, olimpiya çəkisi sayılmadığından, 25 yaşlı pəhləvan aşağı çəkidə yarışmalı olacaq. Təsəlliverici görüşlər saat 23:00-da, medal görüşləri saat 00:00-da başlayacaq.

Gecə saat 01:15-də isə boksçu Lorenso Sotomayor (64 kq) dörddəbir final görüşünə çıxacaq. Kubalı legioner, həmyerlisi Yasnier Toledoya qalib gəlsə, ən azı bürünc medalı təmin edəcək. Sotomayor da Çunayev kimi, “Bakı-2015”in qalibi olub.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.