İDMAN


“Rio-2016”nın 12-ci günündə Azərbaycanın 7 idmançısı mübarizə aparacaq

A+ A

Bakı, 17 avqust, AZƏRTAC

Avqustun 17-də “Rio-2016” Yay Olimpiya Oyunlarının növbəti yarış günündə Azərbaycanın 7 atleti mükafatlar uğrunda mübarizə aparacaq.

AZƏRTAC xəbər verir ki, idmanın altı növündə yarışacaq idmançıların hər birinin medal şansı var.

Günün proqramında əvvəlcə kanoe yarışları keçiriləcək. Azərbaycanı kanoeçilərin yarışında dördqat dünya və Avropa çempionu Valentin Demyanenko təmsil edəcək. İdmançımız 1 nəfərlik kanoe qayığı (C-1) ilə 200 metr məsafəyə yürüşdə iştirak edəcək. Bakı vaxtı ilə saat 16:37-də start xəttinə çıxacaq kanoeçimizin seçmə yürüşdəki rəqibləri bolqarıstanlı Angel Kodinov, italiyalı Karlo Taççini, “Bakı 2015” birinci Avropa Oyunlarının qalibi litvalı Henrikas Justautas, iranlı Adel Mojallalimoğadam və avstraliyalı Ferents Şekşardi olacaq. Dörd seçmə yürüşdə ilk 5 yerin sahibləri və altıncı yeri tutanlardan ən yaxşısı həmin gün saat 17:42-dən etibarən başlanacaq yarımfinala yüksələcəklər. Bu mərhələdə isə üç yürüşün yekununa əsasən, ilk 2 yerin sahibləri və üçüncü yeri tutanlardan iki ən yaxşısı finala vəsiqə qazanacaq. Həlledici yürüşün startı avqustun 18-də saat 16:23-də veriləcək.

“Rio-2016”da taekvondo yarışlarında Azərbaycan idmançılarından Avropa çempionatının gümüş medalçısı, “Bakı-2015”in bürünc mükafatçısı Patimat Abakarova (49 kq) səkkizdəbir finalda bu ilin Avropa çempionu, eləcə də 2015-ci il dünya çempionatının bürünc və birinci Avropa Oyunlarının gümüş medalçısı serbiyalı Tiyana Boqdanoviç ilə dayanq üzərində qarşılaşacaq. Döyüş saat 17:00-da başlayacaq. P.Abakarova serb idmançıya bu il İstanbulda keçirilən Olimpiya Oyunlarına lisenziya xarakterli Avropa təsnifat turnirində artıq qalib gəlmişdir.

Saat 17:05-də atlet Hayle İbrahimov Olimpiya stadionunda 5 min metr məsafəyə qaçış yarışında iştirak edəcək. Ümumilikdə 51 atlet 2 qrupa (25 və 26) bölünəcək. Onlardan ən yaxşı nəticə göstərən 15 atlet avqustun 21-də başlanacaq finala vəsiqə əldə edəcək.

Kayakçı qadınların mübarizəsində Azərbaycanı təmsil edəcək “Rio-2016”nın bürünc mükafatçısı İnna Osipenko-Radomskayanın 500 metr məsafəyə seçmə yürüşdəki rəqibləri slovakiyalı Martina Kohlova, serbiyalı Dalma Ruziçiç Benedek, polşalı Evelina Vojnarovska, avstriyalı İvonne Şurinq, avstraliyalı Naomi Flud və rusiyalı Yelena Anyuşina olacaq. Saat 17:19-da başlayacaq dörd seçmə yürüşdə ilk altılığa düşənlər yarımfinal yürüşlərində mübarizə aparacaqlar. Həmin gün saat 18:17-də start veriləcək növbəti mərhələ yürüşlərində ilk iki yeri tutanlar və üçüncü yerin sahibləri arasında ən yaxşı ikinci finala adlayacaq. Həlledici mərhələ yürüşü isə avqustun 18-də saat 17:11-də başlayacaq. İ.Osipenko-Radomskaya Ukrayna yığmasının heyətində çıxış etdiyi vaxtlarda “Pekin-2008”də qızıl, “London-2012”də isə gümüş medala 500 metr məsafəyə yürüşdə sahib olub.

Saat 17:48-də qadın güləşi yarışlarında Azərbaycan təmsilçisi, “London-2012” Olimpiya Oyunlarının və son dünya çempionatının gümüş mükafatçısı, 5 qat Avropa çempionu, “Bakı-2015”in qalibi Mariya Stadnik (48 kq) birinci görüşünə çıxacaq. O səkkizdəbir finalda rəqibi Patrisia Alexandra Bermudes ilə gücünü sınayacaq. Mariya Stadnik Rio Olimpiadasına vəsiqəni Las-Veqasdakı dünya çempionatında qazanmışdı. Dünya Güləş Birliyinin reytinq siyahısında Mariya Stadnik birinci yerdə qərarlaşıb.

Daha sonra saat 17:56-da isə London Olimpiadasının və son dünya çempionatının bürünc mükafatçısı, Avropa çempionu Yuliya Ratkeviç 59 kiloqram çəkidə 1/8 final qarşılaşmasında xalça üzərinə çıxacaq. O, ukraynalı Oksana Herhellə üz-üzə gələcək. Təmsilçimiz “Rio-2016“ya iştirak etmək hüququnu ötən il ABŞ-da keçirilən güləş üzrə dünya çempionatında əldə edib.

Gecə saat 22:30-da isə ötən ilin dünya çempionu, birinci Avropa Oyunlarını qalibi, qitə çempionatlarının mükafatçısı Elvin Məmişzadə (52 kq) dörddəbir final mərhələsində növbəti görüşünə çıxacaq. Boksçumuz bu mərhələdəki rəqibi Asiya çempionatının ikincisi, özbəkistanlı Şakhobidin Zoirova qalib gəldiyi təqdirdə, yarımfinala yüksəlməklə yanaşı, ən azı bürünc medalı təmin etmiş olacaq.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.