İDMAN


“Rio-2016”nın altıncı günündə Azərbaycanın altı idmançısı mübarizə aparacaq

A+ A

Bakı, 11 avqust, AZƏRTAC 

XXXI Yay Olimpiya Oyunlarının altıncı günündə - avqustun 11-də Azərbaycanın altı atleti idmanın üç növü üzrə mübarizə aparacaq.

AZƏRTAC xəbər verir ki, əvvəlcə 100 kiloqram çəki dərəcəsində çıxış edən cüdoçumuz Elmar Qasımov tatami üzərinə çıxacaq. E.Qasımovun 1/16 finaldakı rəqibi rusiyalı Avropa, dünya və Olimpiya çempionu Tahir Xaybulayev olacaq. Görüş Bakı vaxtı ilə saat 17:14-də başlanacaq.

Saat 20:00-da akademik avarçəkənlərimiz növbəti sınağa çıxacaqlar. Aleksandr Aleksandrov - Boris Yotov tandemi ikinəfərlik qoşa avarlı qayıqla 2000 metr məsafəyə B finalı (7 - 12-ci yerlər) yürüşünə qatılacaq. Onların rəqibləri serbiyalı Marko Maryanoviç - Andriya Slyukiç, almaniyalı Marsel Hakker - Ştefan Krüger, yeni zelandiyalı Robert Menson - Kristofer Harris, avstraliyalı Devid Uotts - Kristofer Morqan və bolqarıstanlı Georgi Bojilov - Kristian Vasilev cütlükləri olacaq.

Saat 00:30-dan etibarən isə Azərbaycanın dörd boksçusu rinqə çıxacaq. İlk döyüşdə dünya çempionu Cavid Çələbiyev (56 kq) 1/16 finalda qazaxıstanlı rəqibi Kayrat Yeraliyevlə üz-üzə gələcək. Qalib boksçu növbəti mərhələdə özbəkistanlı Murodjon Axmadaliyevə rəqib olacaq.

Saat 00:45-də digər təmsilçimiz Lorenso Sotomayor (64 kq) 1/16 finalda ukraynalı Vladimir Matviyçuk ilə qarşılaşacaq. Bu görüşün qalibi növbəti mərhələdə Jonas Junias Jonas (Namibiya) - Hassan Amzil (Fransa) döyüşünün qalibi ilə rinqə çıxacaq.

Saat 01:30-da isə Pərviz Bağırov (69 kq) səkkizdəbir final görüşündə fransalı Süleyman Diop Sissoko ilə üz-üzə gələcək.

Saat 02:30-da Azərbaycan yığmasının bayraqdarı Teymur Məmmədov (81 kq) Olimpiya Oyunlarında ikinci görüşünə çıxacaq. Onun səkkizdəbir finaldakı rəqibi hollandiyalı Peter Müllenberq olacaq.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.