İDMAN
“Rio-2016”nın ikinci günündə avarçəkənimiz yarımfinala, boksçumuz isə səkkizdəbir finala yüksəlib
Bakı, 8 avqust, AZƏRTAC
Rio-de-Janeyroda keçirilən XXXI Yay Olimpiya Oyunlarının ikinci günündə - avqustun 7-də Azərbaycanın 4 idmançısı mübarizəyə qoşulub.
AZƏRTAC xəbər verir ki, idmançılarımızdan əvvəlcə cüdoçu Nicat Şıxəlizadə (66 kq) tatami üzərinə çıxıb. Təmsilçimiz 1/32 final mərhələsində ispaniyalı cüdoçu Suqoi Uriarteyə qalib gəlib. Lakin N.Şıxəlizadə 1/16 final mərhələsində İtaliya idmançısı Fabio Basileyə məğlub olaraq Olimpiya Oyunlarında mübarizəni dayandırıb.
Azərbaycanı şose velosipedi yarışlarında təmsil edən Yelena Pavluxina 136,9 kilometr məsafəni qət etmək uğrunda 68 velosipedçinin qatıldığı mübarizədə gücünü sınayıb. Həmin idmançılardan yalnız 50-si finişə çatmağı bacarıb. İdmançımız finişə 3 saat 59,05 saniyəyə çataraq 35-ci olub. Bu yarışda hollandiyalı Anna van der Breggen (3:51.27) qızıl, isveçli Emma Yohansson (3:51.27) gümüş, italiyalı Eliza Lonqo Borgini (3:51.27) bürünc medal qazanıb.
Olimpiada tarixində ölkəmizi ilk dəfə kanoe-slalom idman növündə təmsil edən Yure Meqliç yarımfinala yüksəlib. Otuz iki yaşlı idmançı birnəfərlik kayak qayığı (K-1) ilə ilk iki seçmə mərhələ keçidindən sonra 15 ən yaxşı nəticə göstərənlər sırasında yer almağı bacarıb. İlk keçiddən sonra onun nəticəsi iki cərimə saniyəsi ilə 95,12 olub. Y.Meqliç ikinci keçidi cəriməsiz başa vurub. Bununla da o, 21 iştirakçı arasında 11-ci yeri tutub. Y.Meqliç mübarizəni avqustun onunda yarımfinal mərhələsində davam etdirəcək.
Millimizin bayraqdarı Teymur Məmmədov 81 kiloqram çəki dərəcəsində 1/16 final mərhələsində ilk görüşünü uğurla başa vurub. Boksçumuz ukraynalı rəqibi Denis Solonenkonu 2:1 hesabı ilə məğlub edərək səkkizdəbir final mərhələsinə yüksəlib. Avqustun 12-də növbəti döyüşünə çixacaq idmançımızın rəqibi Peter Mullenberq olacaq.