İDMAN
“Rio-2016”nın onuncu günündə Azərbaycanın yeddi atleti dörd idman növündə mübarizə aparacaq
Bakı, 15 avqust, AZƏRTAC
“Rio-2016” Olimpiya Oyunlarının növbəti yarış günündə - avqustun 15-də Azərbaycanın yeni idman növlərində təmsilçiləri mübarizəyə start verəcək.
AZƏRTAC xəbər verir ki, əvvəlcə atletikanın üç təkanla uzunluğa tullanma növündə Nazim Babayev çıxış edəcək. “A” qrupunda yer alan N.Babayevin 23 rəqibi olacaq. Bakı vaxtı ilə saat 16:30-da başlayacaq mübarizənin yekununda finala yüksələnlər avqustun 16-da saat 16:50-də medal yarışında qüvvəsini sınayacaqlar.
Saat 16:59-da kayakçımız İnna Osipenko-Radomskaya bir nəfərlik qayıqla (K-1) 200 metr məsafəyə seçmə yürüşə qatılacaq. Onun rəqibləri özbəkistanlı Olqa Umaraliyeva, slovakiyalı Martina Kohlova, kubalı Yusmari Menqana, almaniyalı Konni Vassmut, argentinalı Sabrina Amegino və CAR təmsilçisi Bricit Ellen Hartli olacaq. Ümumilikdə, dörd seçmə yürüşdə ilk altılığa düşənlər saat 18:00-dan etibarən yarımfinal yürüşlərində mübarizə aparacaqlar. Üç yürüşün hər birində ilk iki yeri tutanlar və üçüncü yerin sahibləri arasında ən yaxşı ikinci finala vəsiqə qazanacaq. Səkkiz ən güclü kayakçının iştirakı ilə həlledici yürüş isə avqustun 16-da saat 16:47-də başlayacaq.
Daha sonra Azərbaycanın iki yunan-Roma güləşçisi mübarizəyə qoşulacaq. Mötəbər yarışda 85 kiloqram çəki dərəcəsində Saman Təhmasibi saat 17:00-da rusiyalı Davit Çakvetadze ilə onaltıdabir final döyüşündə qüvvəsini sınayacaq. D.Çakvetadze 2015-ci ildə Bakıda keçirilmiş birinci Avropa Oyunlarının və Qızıl Qran-prinin qalibi olub. Saat 17:40-da təmsilçimiz Sabah Şəriəti 130 kiloqram çəkidə ilk görüşünə çıxacaq. O, səkkizdəbir finalda ABŞ təmsilçisi Tobert Timoti Devid Smitlə üz-üzə gələcək. Hər iki çəki dərəcəsində təsəlliverici görüşlər saat 23:00-da, bürünc medal və final döyüşləri saat 00:00-da keçiriləcək.
Saat 18:15-də ölkəmizin olimpiadadakı yeganə qadın boksçusu Yana Alekseyevna 60 kiloqram çəki dərəcəsində ilk görüşünə çıxacaq. Dörddəbir finala təsadüf edəcək qarşılaşmada Y.Alekseyevna çinli Junhua Yinə qalib gəlsə, ən azı bürünc medalı təmin edəcək. Saat 18:30-da Elvin Məmişzadə (52 kq) də ilk görüşünü keçirəcək. O, qazaxıstanlı Oljas Sattıbayevlə səkkizdəbir finalda qarşılaşacaq. Saat 20:00-da isə Kamran Şahsuvarlı (75 kq) qazaxıstanlı Janıbek Alimxanuli ilə dörddəbir final görüşündə üz-üzə gələcək. Qələbə təqdirində, Şahsuvarlı ən azı bürünc medalı təmin edəcək.