İDMAN


Rio-de-Janeyroda XV Yay Paralimpiya Oyunlarına yekun vurulub VİDEO

A+ A

Bakı, 19 sentyabr, AZƏRTAC

Sentyabrın 18-də Braziliyanın Rio-de-Janeyro şəhərindəki “Marakana” stadionunda XV Yay Paralimpiya Oyunlarının möhtəşəm bağlanış mərasimi keçirilib.

AZƏRTAC xəbər verir ki, XV Yay Paralimpiya Oyunlarında idmanın 22 növü üzrə 528 dəst medal uğrunda yarışlar keçirilib. Bu, “London-2012” Yay Paralimpiya Oyunları ilə müqayisədə 25 dəst çoxdur. Medal sayının artırılması yarışlarda qadın idmançılarının geniş heyətlə çıxışı ilə əlaqədardır. Paralimpiadada ümumilikdə 4350 idmançı medallar uğrunda mübarizə aparıb. Onların 1650-si qadın olub. Bu “London-2012”dən 9,9 faiz, “Atlanta-1996”dan isə iki dəfə çoxdur. Qadınlar 224 dəst medal uğrunda yarışıb. Bu isə medalların 43 faizini təşkil edib.

Azərbaycan XV Yay Paralimpiya Oyunlarında 24 idmançı ilə təmsil olunub. Paralimpiyaçılarımız “Rio-2016”ya idmanın 6 növü üzrə 41 lisenziya qazanıblar. İdmançılarımız cüdo, atletika, pauerliftinq, üzgüçülük, güllə atıcılığı və kamandan oxatma yarışlarında mübarizə aparıblar. Millimiz yarışı 11 medalla 48-ci pillədə başa vurub. Paralimpiyaçılarımız 1 qızıl, 8 gümüş və 2 bürünc medal qazanıblar. Paralimpiya yığmamız medalların ümumi sayına görə iştirakçı ölkələr arasında 33-cü, Avropa ölkələri arasında 16-cı, müsəlman ölkələri sırasında 6-cı, MDB ölkələri arasında isə 3-cü yerdə qərarlaşıb.

Qızıl medalı komandamıza cüdoçu Ramil Qasımov qazandırıb. Yarışda 73 kiloqram çəki dərəcəsində çıxış edən cüdoçumuz bütün rəqiblərinə qalib gələrək fəxri kürsünün ən yüksək pilləsində yer alaraq, dövlət himnimizi səsləndirib. Digər cüdoçularımız Bayram Mustafayev (66 kq) gümüş, Rövşən Səfərov (81 kq) isə bürünc medala sahib olublar. Atletika yarışlarında Azərbaycan idmançıları 5 medal qazanıblar ki, bunların 4-ü gümüş, 1-i isə bürüncdür. Atletimiz Yelena Çebanu Rio Paralimpiadasında üç dəfə fəxri kürsüdə yer alıb. Uzunluğa tullanma və 100 metr məsafəyə qaçış yarışlarında Y.Çebanu ikinci olsa da, 200 metr məsafəyə qaçış yarışlarında bürünc medalla kifayətlənib. Kamil Əliyev uzunluğa tullanma, İradə Əliyeva isə nizəatma yarışlarında ikinci olublar. Üzgüçülərimiz də “Rio-2016”da uğurla çıxış ediblər. Dmitri və Roman Saley qardaşları Braziliyada 3 gümüş medal qazanıblar. D.Saley 50 metr məsafəyə sərbəst, 100 metr məsafəyə brass, R.Saley isə 100 metr məsafəyə arxasıüstə üzgüçülük yarışlarında fərqləniblər.

Bağlanış mərasimində Braziliyanın dövlət himni səsləndirildikdən sonra “Rio-2016”da iştirak edən ölkələrin bayraqları səhnəyə gətirilib və yarışın mükafatçılarının paradı maraqlı anlarla yadda qalıb.

Sonra Beynəlxalq Paralimpiya Komitəsinin (BPK) bayrağı endirilib. Paralimpiya bayrağı 2020-ci ildə növbəti Paraimpiadaya ev sahibliyi edəcək Tokio şəhərinin nümayəndəsinə təqdim olunub və Yaponiyanın dövlət himni səsləndirilib.

“Rio-2016”nın Təşkilat Komitəsinin sədri Karlos Artur Nuzman və Beynəlxalq Paralimpiya Komitəsinin prezidenti Filip Kraven yarışın yüksək dostluq şəraitində keçdiyini, Rionun yeni tarix yazdığını diqqətə çatdırıblar.

Rəngarəng şou başa çatdıqdan sonra Paralimpiya məşəli söndürülüb. Bununla da XV Paralimpiya Oyunlarına yekun vurulub.

Rio Paralimpiadasında 239 (107-81-51) medal qazanan Çin birinci olub. Böyük Britaniya (64-39-44) ikinci, Ukrayna (41-37-39) üçüncü, ABŞ (40-44-31) dördüncü, Avstraliya (22-30-29) isə beşinci pillədə qərarlaşıb. İlk onluğu Almaniya (18-25-14), Niderland (17-19-26), Braziliya (14-29-29), İtaliya (10-14-15) və Polşa (9-18-12) tamamlayıb. XV Yay Paralimpiya Oyunlarında 82 ölkədən paralimpiyaçılar fəxri kürsüyə qalxıblar.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.