İDMAN
Rio-ya lisenziya qazanan Azərbaycan boksçuları finala yüksəlib VİDEO
Bakı, 24 iyun, AZƏRTAC
İyunun 24-də Bakının ev sahibliyi etdiyi “Rio-2016” boks üzrə lisenziya xarakterli dünya təsnifat turnirinin 8-ci günü başa çatıb.
Bu gün turnirdə yarımfinal döyüşləri keçirilib. Axşam proqramında rinqə çıxan Azərbaycan millisinin üzvü Rüfət Hüseynov (49 kq) qələbə qazanaraq olimpiadaya lisenziyanı təmin edib. Bu çəki dərəcəsində yalnız finalçıların Rioda iştirak hüququ olduğunu nəzərə alsaq, R.Hüseynov üçün yarımfinal döyüşü xüsusi əhəmiyyət kəsb edib. Meksikalı Xoselito Velaskes Altamirano ilə döyüşən atletimiz 2:1 hesabı ilə rəqibindən üstün olub və finala çıxıb.
Bu gün həmçinin artıq Rio vəsiqəsini təmin etmiş Teymur Məmmədov (81 kq) üçün də uğurlu olub. T.Məmmədov rusiyalı Pyotr Xamukovla üz-üzə gəlməli olsa da, rəqib rinqə çıxmayıb.
Qeyd edək ki, ötən gün yığmamızın digər idmançısı Kamran Şahsuvarlı (75 kq) dörddəbir finalda uduzsa da, lisenziya şansını saxlayır. Yarışa sabah keçiriləcək və idmançılarımızın da mübarizə aparacağı final görüşləri ilə yekun vurulacaq.