MƏDƏNİYYƏT
Riqa Texniki Universitetində Azərbaycanla bağlı təqdimat keçirilib
Riqa, 18 dekabr, AZƏRTAC
Azərbaycanın Latviyadakı səfirliyinin maliyyə və təşkilati dəstəyi ilə Riqa Texniki Universitetində təhsil alan azərbaycanlı tələbələr ölkəmizlə bağlı təqdimat keçiriblər.
Əvvəlcə Azərbaycan haqqında videoçarx göstərilib. Daha sonra ölkəmizin tarixi, zəngin mədəniyyəti və memarlığı, həmçinin 2015-ci ildə Bakıda keçiriləcək ilk Avropa Oyunları və Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin ağır nəticələri barədə təqdimatlar olub.
Tədbirdə həmvətənimiz Həsən Rəhimovun ifasındakı Azərbaycan xalq mahnısı olan “Sarı gəlin” xarici tələbələr və universitetin nümayəndə heyəti tərəfindən böyük maraq və sürəkli alqışlarla qarşılanıb.
Qeyd olunub ki, bu cür tədbirlər universitetdə müxtəlif millətləri təmsil edən gənclərə ayrı-ayrı ölkələrin mədəniyyəti ilə yaxından tanış olmaq imkanı yaradır. Bu tədbir Azərbaycan xalqının mədəni-tarixi irsinin çoxmillətli Latviya cəmiyyətində təbliği baxımından önəmlidir.
Sonda tələbələr milli rəqslər ifa edib, tədbir iştirakçılarına Azərbaycan mətbəxinin ləziz təamları təqdim olunub.
Nigar Cəfərli
AZƏRTAC-ın xüsusi müxbiri
Riqa