DÜNYA
Riqada “May Qrafı-2015” festival-karnavalı keçiriləcək
Riqa, 21 aprel, AZƏRTAC
May Qrafı Bayramı – Riqanın qədim mədəni ənənələrindən qaynaqlanan, orta əsrlər dövrünə aid yeganə festival-karnavaldır. Bu bayram yazın gəlişinə həsr olunub. Əvvəlcə turnirdə Riqanın ən yaxşı müdafiəçisi seçilir.
İgid, cəsarətli və bacarıqlı olduğunu sübut etməyə hazır olan hər bir kişi May Qrafı fəxri titulu uğrunda mübarizə apara bilər.
Qədim adət-ənənəyə görə, May Qrafı şəhərin bütün qadınları arasından qəlbinin sultanını seçib. Onu May Qrafinyası adlandırır. Bu cütlük növbəti festivala qədər bayramın simvolu olur.
Festival çərçivəsində cəngavərlər turniri, kamandan oxatma turniri, orta əsrlər Riqa tarixindən həqiqi tarixi faktlar əsasında səhnələşdirilmiş tamaşalar, orta əsrlər dövrünə aid ən yaxşı kostyum stilizasiyası üçün müsabiqə, sənətkarlar yarmarkası olur.
May Qrafı Bayramı Latviyaya Avropadan gəlib. Bu bayram qədim zamanlardan bahar və bərəkət bayramı kimi qeyd edilirmiş. Yazın gəlişindən xəbər verən May Qrafı əsabələrini ətrafına toplayıb şəhər və qəsəbələrə baş çəkirmiş. Bu bayram Riqada XV əsrdən etibarən Qarabaşlar Evi tərəfindən qeyd olunmağa başlanıb. O dövrdə May Qrafı şəhər dumasının təşkil etdiyi turnirdə seçilir və bir il bu titulu daşıyırmış. O vaxt turnirin qalibi həmişə Böyük Gildiya qardaşlarından biri olurmuş.
Festival mayın 16-da keçiriləcək.
Nigar Cəfərli
AZƏRTAC-ın xüsusi müxbiri
Riqa