DÜNYA
Riqada Mətbuat azadlığı uğrunda Dünya mükafatının təqdim edilməsi mərasimi olub
Riqa, 4 may, AZƏRTAC
Dünən Riqada UNESCO-nun Gilyermo Kano adına Dünya mükafatının təqdim edilməsi mərasimi keçirilib. Mükafatın laureatı Suriya jurnalisti və insan hüquqlarının fəal müdafiəçisi Mazen Dərviş olub. Mükafat Dünya Mətbuat Azadlığı Günü ilə əlaqədar mayın 2-dən 4-dək keçirilən, Latviya Prezidenti Andris Berzinşin sədrlik etdiyi konfransda təqdim edilib.
Yüksək mükafatın sahibi Mazen Dərviş Suriyada on ildir ki, söz azadlığının qorunması sahəsində fəaliyyət göstərir. Bu müddət ərzində jurnalist hərəkət azadlığı qadağalarına, habelə dəfələrlə həbs cəzasına və işgəncələrə məruz qalıb. M.Dərviş 2012-ci ilin fevralından həbsdədir. O, söz azadlığı işinə böyük kömək göstərib, Suriya KİV və Fikir Azadlığı Mərkəzinin prezidentidir. O, “Səs” qəzetinin və Suriyada KİV məsələlərinə həsr olunmuş ilk nəşrin – “Media klub” jurnalının təsisçilərindən biri olub. Bundan başqa o, Suriya hökuməti tərəfindən qadağan edilmiş “syriaview.net” adlı müstəqil xəbər portalı yaradıb.
Mükafatı almaq üçün M.Dərvişin həyat yoldaşı jurnalist Yara Bader Riqaya gəlib.
Laureatları müstəqil beynəlxalq jüri müəyyən edir. Jürinin tərkibinə media sahəsində beynəlxalq səviyyədə tanınmış peşəkarlar daxildirlər. 2008-ci ildən 2010-cu ilədək olan dövrdə UNESCO-nun münsiflər heyətinə Latviya jurnalisti İlze Yaunalksne də daxil idi. UNESCO-nun Mətbuat azadlığı işinə köməyə görə Dünya mükafatı 1986-cı ildə Kolumbiyanın “El Espectador” qəzetinin öldürülmüş redaktoru Gilyermo Kanonun xatirəsinə təsis edilib. O, Kolumbiyanın nüfuzlu narkobaronlarını fəal surətdə tənqid edirdi. Mükafatın təqdim olunmasından məqsəd dünyanın hər yerində fəaliyyətini ciddi risk qarşısında qoyaraq mətbuat azadlığının qorunması və inkişaf etdirilməsi işinə böyük kömək göstərmiş şəxsləri, təşkilatları və təsisatları xüsusi vurğulamaqdan ibarətdir. Hər il laureat 25 000 ABŞ dolları məbləğində pul mükafatı alır.
Mayın 2-dən 4-dək Riqada Dünya Mətbuat Azadlığı Gününə həsr olunmuş konfrans və digər tematik tədbirlər keçirilir. Konfransda rəqəmsal dövrdə söz azadlığı, keyfiyyətli tədqiqat jurnalistikası, jurnalistlərin təhlükəsizliyi, KİV-lərdə qadınların rolu və informasiyadan istifadə vərdişləri məsələlərinə xüsusi diqqət yetirilir.
Nigar Cəfərli
AZƏRTAC-ın xüsusi müxbiri
Riqa