MƏDƏNİYYƏT
“Rixos” beynəlxalq otellər şəbəkəsinin Bakıda yeni regional ofisi yaradılıb
Quba, 2 may, Elxan Yusifli, AZƏRTAC
“Rixos” beynəlxalq lyuks otellər şəbəkəsi Bakıda fəaliyyət göstərəcək yeni regional ofisinin təqdimatını keçirib. Yeni regional ofis Azərbaycan və Gürcüstanda yerləşən otelləri təmsil edəcək.
AZƏRTAC xəbər verir ki, bu otellərin siyahısına Azərbaycanda “Rixos Quba Azerbaijan”, “Şamaxi Palace Platinum By Rixos”, “Naftalan Hotel by Rixos” və Gürcüstanda “Rixos Borjomi” daxildir. Regional ofis sayəsində bu otellərdən savayı, dünyanın hər bir yerindəki “Rixos” otellərində bron etmək mümkün olacaq.
Regional ofisin təqdimatı çərçivəsində, mayın 1-də “Rixos Quba Azerbaijan” otelinə infotur təşkil olunub. İnfoturda Azərbaycanda yerləşən bir neçə səfirliyin, ölkəmizdəki yerli və beynəlxalq şirkətlərin nümayəndələri, turizm sektorunun əməkdaşları və media təmsilçiləri iştirak ediblər.
Qonaqlar otel və burada göstərilən xidmətlərlə yaxından tanış olduqdan sonra “Rixos” otellərinin rəhbərləri ilə görüş keçiriblər. Görüşdə infotur iştirakçılarına Azərbaycanın gənc caz ifaçısı Ülkər Əliyevanın konserti təqdim olunub.
2000-ci ildə Türkiyədə qurulan “Rixos” otellər şəbəkəsi son 15 ildə sürətlə böyüyərək adını ən dinamik inkişaf edən otel şirkətləri sırasına yazdıra bilib. “Rixos” hazırda Avropada, Yaxın Şərqdə, Afrikada və Asiyada 30-dan çox otellə təmsil olunur. Azərbaycanda ilk “Rixos” oteli - “Naftalan Hotel by Rixos” 2013-cü ildən fəaliyyət göstərir. 2014-cü ildən isə “Rixos Quba Azerbaijan” və “Şamaxi Palace Platinum By Rixos” istifadəyə verilib.