SİYASƏT


Riyazi dəqiqlikdə siyasətçi

Zbiqnev Bjezinskinin xatirəsinə

Bakı, 5 iyun, AZƏRTAC

Azərbaycanın xarici işlər nazirinin müavini, “ADA” Universitetinin rektoru, səfir Hafiz Paşayev “Riyazi dəqiqlikdə siyasətçi” sərlövhəli məqaləsində ABŞ-ın görkəmli dövlət xadimi və ictimai-siyasi xadim Zbiqnev Bjezinski haqqında xatirələrini oxucularla bölüşür. AZƏRTAC məqaləni təqdim edir.

x x x

Azərbaycanın ABŞ-dakı ilk səfiri olmaq mənə on dörd il ərzində Vaşinqtonda çoxsaylı dostlar qazandırdı. Lakin onların arasında Zbiqnev Bjezinskinin yeri xüsusi idi.

Tanışlığımız Azərbaycanın müstəqilliyinin ilk mərhələsində başlamışdır. Sovet İttifaqının süqutu və Berlin Divarının çökməsi həm bölgəmizə, həm də bütün dünyaya tektonik dəyişikliklər gətirmişdir. Siyasətçilər üçün, xüsusilə də Bjezinski kimi uzaqgörən strateq üçün maraqlı dövr idi. O, keçmiş sovet məkanında baş verən hadisələrin nadir gedişini dərinliklə anlayır və onların sürətlə dəyişməsinə baxmayaraq, ortaya dəqiq təhlillər qoya bilirdi.

Bjezinski sabiq sovet respublikalarının müstəqilliyinə birmənalı və qəti şəkildə dəstək verirdi. Onun ehtiraslı və cəsarətli mövqeyi bütün Vaşinqtona məlum idi. Çoxsaylı siyasi müzakirələr və “dəyirmi masa”lar vasitəsilə Bjezinski yeni ölkələrin səfirlərinə yardım əlini uzadırdı. Azərbaycana Bjezinski xüsusi xoş münasibət bəsləyirdi. Onun rəyincə, ölkəmizin bütün bölgə üçün vacib uzlaşdırıcı rolu var idi.

Bakıya səfərləri və Prezident Heydər Əliyevlə söhbətlərini çox yaxşı xatırlayıram: iki nəhəng siyasi xadimin eyni otaqda əyləşib ABŞ-Sovet keçmişini və müasir vəziyyəti müzakirə etməsini müşahidə etmək inanılmaz bir imkan idi. Amerika Prezidenti Bill Klintondan Prezident Heydər Əliyevə Xəzər neftinin dünya bazarlarına daşınmasında məhz Bakı-Tbilisi-Ceyhan ixrac kəmərinə üstünlük verilməsi mesajını gətirən də Bjezinski olmuşdur. O, uzaqgörənliklə anlayırdı ki, bu vacib kəmər layihəsi bütün bölgənin siyasi xəritəsini dəyişəcək və Azərbaycan da daxil olmaqla, bölgə dövlətlərinin müstəqilliyini möhürləyəcək. Onilliklər sonra nəticə gətirən qərarların necə verilməsini o, yaxşı bilirdi.

Səfərlər zamanı Bjezinski təkcə siyasətçilərlə görüşməklə kifayətlənmirdi. Yadımdadır, qaçqın düşərgəsinə getməyi xahiş etmişdi. Azərbaycanın bölgələrində çadırlarda məskunlaşan yüzlərlə qadın və uşaqları görmək ona ürəkağrıdıcı dərəcədə təsir etmişdi. Elə təsirlənmişdi ki, ziyarətdən sonra yerli icra başçısının qonaqpərvərliklə verdiyi nahara qatılmaqdan da qəti imtina etmişdi. Daha bir səfərində onu yerli ziyalılarla görüşdürməyi xahiş etmişdi və mən o zaman tanınmış yazıçılarımız və alimlərimizin Bjezinski ilə görüşünü təşkil etmişdim. Onlar arasında baş verən maraqlı fəlsəfi müzakirə bu günə qədər yadımdadır.

Ailəvi münasibətlərimiz də yaxın olduğundan bir-birimizin evini ziyarət edirdik. Ənənəvi olaraq, Yeni ilin ilk günündə - yanvarın 1-də Bjezinskinin evində səhər yeməyinə dəvət alan dostları arasında mənim də olmağımdan şərəf duyurdum.

Zbiqnev Bjezinski, heç şübhəsiz, qlobal miqyaslı bir şəxsiyyət idi. Amma hər şeydən əvvəl Amerikanı sevən vətənpərvər idi. Ən başlıca missiyasını Amerika maraqlarını müdafiə etməkdə görürdü. Bu baxımdan, Amerikanın siyasi sistemində pulun təsirinin artan rolunu narahatlıqla qeyd edirdi.

İti zehni, lakonik ifadə tərzi, konkret arqumentlərinə görə Bjezinski zamanımızın ən məşhur siyasi təhlilçilərindən biri idi. O, hər məqalə yazdıqda və ya televiziyada çıxış etdikdə onun yürütdüyü fikirləri öyrənməyə tələsirdik, çünki hər cümləsi böyük məna ilə dolu idi. O, Yer kürəsinin istənilən bucağında baş verən siyasi hadisələrin təfərrüatından xəbərdar idi və onların dünya siyasəti ilə əlaqəsi, keçmiş və gələcəklə bağlılığını aydın görürdü. Təsadüfi deyil ki, bir çox dövlət başçıları və dünya liderləri onun məsləhətlərinə ehtiyac duyurdular.

Fikrimcə, Bjezinskinin ifadələri siyasi elmlərə məxsus tərzdən daha çox riyazi üslubda idi - qısa, aydın və tutarlı dəlillərlə. Son illər Vaşinqtona etdiyim səfərlərin heç biri hörmətli dostumu görmədən keçməzdi. Biz Azərbaycanın uğurları və çətinliklərinə dair həmişə maraqlı söhbətlər edirdik. Bjezinski heç zaman açıq və səmimi rəyini bildirməkdən çəkinmirdi. Onun bizim yeni “ADA” Universitetinə dəstəyini həmişə yüksək dəyərləndirirdim və ümid edirdim ki, Universitetin Qəyyumlar Şurasının üzvü kimi Bakıya gəlib bizi ziyarət edə biləcək. Təəssüf ki, bu arzumuzu gerçəkləşdirə bilmədik.

Dünyanın siyasi səhnəsi ən yüksək səviyyəli bir nəhəngini itirdi: ləyaqətli, dürüst, gözəl yumorlu və nəcib qəlbli bir insanı. Biz, onun üçün darıxacağıq.

Səfir Hafiz Paşayev

xarici işlər nazirinin müavini,

“ADA” Universitetinin rektoru

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.