CƏMİYYƏT
Riyazi qabiliyyətlər genlərlə keçir
Bakı, 3 sentyabr, AZƏRTAC
Pittsburq Universitetinin (ABŞ) psixoloqları bildirirlər ki, uşaqların məktəbdə riyaziyyat dərslərində nə dərəcədə uğur qazanması onların valideynlərinin “ədəd duyumu” və ümumi riyazi bacarıqları ilə müəyyən edilir.
AZƏRTAC RİA Novosti agentliyinə istinadla bildirir ki, bu xəbər “Developmental Science” jurnalında dərc edilmiş məqalədə şərh olunub.
Pittsburq Universitetinin əməkdaşı Melissa Libertus və onun həmkarları Pittsburqda yaşayan 50 ailədə valideynlərin və onların birinci sinifdə oxuyan uşaqlarının “ədəd duyumu”nun nə dərəcədə güclü olmasını sadə riyazi testlərin köməyi ilə qiymətləndirərək bu qənaətə gəliblər ki, riyazi qabiliyyətlər, ən azı onların bir qismi genetik səviyyədə irsən keçir.
Həmin testlər göstərib ki, uşaqların riyazi vərdişləri və riyazi məsələləri həll etməyə həvəsi onların valideynlərinin bu sınaqların öhdəsindən necə gəlməsi ilə bağlı olub – analar və atalar belə məsələləri nə qədər yaxşı həll edirlərsə, onların oğlanları və qızları da bu məsələləri bir o qədər tez və keyfiyyətli həll edirlər.
Bu qanunauyğunluq həmişə təsdiqlənməsə də, əksər hallarda doğru çıxır. Tədqiqatçıların sözlərinə görə, valideynlər arasında aparılmış testlərin nəticələrinə əsasən uşaqların riyazi qabiliyyəti barədə təxminən 46-51 faiz ehtimalla qabaqcadan fikir söyləmək olar.
Amerikalı alimlərin fikrincə, bütün bunlar onu göstərir ki, riyazi bacarıqlar həqiqətən valideynlərdən uşaqlara keçir və bu prosesdə həm genetik, həm də sosial amillər mühüm rol oynayır.
Libertus və onun həmkarları eksperimentləri davam etdirməyi və bu amillərin hər birinin təsir gücünü aydınlaşdırmağı planlaşdırırlar.