ELM VƏ TƏHSİL
“Riyaziyyat” olimpiada vəsaiti çapdan çıxıb
Bakı, 27 aprel, AZƏRTAC
Təhsil İnstitutu fənn olimpiadaları və müxtəlif fənn müsabiqələrinə hazırlaşan istedadlı şagirdlər üçün xüsusi vəsaitlərin buraxılışına başlayıb.
Təhsil Nazirliyindən AZƏRTAC-a bildiriblər ki, ilk belə vəsait riyaziyyat fənni üzrə respublika fənn olimpiadalarına, beynəlxalq olimpiadalara və müxtəlif müsabiqələrə hazırlaşmaq istəyən VII-XI sinif şagirdləri üçün nəzərdə tutulub.
“Riyaziyyat” olimpiada vəsaiti ümumi təhsil müəssisələrində çalışan, riyaziyyatdan fakültativ məşğələlər aparan müəllimlər, istedadlı uşaqlarla işləyən pedaqoqlar, tələbələr, eləcə də riyaziyyat sahəsinə marağı olanlar üçün faydalıdır. Buraxılışlar əsasında çap edilməsi nəzərdə tutulan bu vəsaitdə mövzuların nəzəri hissələri verilib, mürəkkəb olmayan misal və məsələlər seçilərək test formatında təqdim edilib. Bununla yanaşı, hər mövzunun sonunda açıqtipli olimpiada sualları da yer alıb.
Vəsaiti telefon vasitəsilə (+994124309081 - daxili 134) əlaqə saxlamaqla və ya elektron sifariş blankını doldurmaqla əldə etmək olar. Çatdırılma pulsuzdur.