SİYASƏT
Robert Çekuta ABŞ-ın Azərbaycandakı səfiri vəzifəsinə təsdiq edilib
Vaşinqton, 18 dekabr, AZƏRTAC
ABŞ Senatı Robert Frensis Çekutanı Birləşmiş Ştatların Azərbaycandakı səfiri vəzifəsinə təsdiq edib.
Senat həmçinin, Cess Lippinkott Beylini ABŞ-ın Makedoniyadakı səfiri, Marqaret Enn Uyeharanı ABŞ-ın Monteneqrodakı səfiri və Robert Millsi ABŞ-ın Ermənistandakı səfiri vəzifələrinə təsdiq edib.
Xatırladaq ki, ABŞ-ın Azərbaycandakı səfiri vəzifəsinə R.Çekutanın namizədliyi Prezident Obama tərəfindən bu il iyul ayında irəli sürülüb. Sentyabr ayında ABŞ Senatının Beynəlxalq Münasibətlər Komitəsində senator Kriss Merfi və senator Ronald Consonun sədrliyi ilə ABŞ-ın Azərbaycanda, Ermənistanda, Monteneqroda və Makedoniyada səfirləri vəzifəsinə namizədlər barədə dinləmələr keçirilib. Dinləmələrin gedişində namizədlər təyinat ölkələrində ABŞ-ın xarici siyasəti barədə öz məruzələrini və mülahizələrini Komitəyə təqdim edib, suallara cavab veriblər. Dekabrın 4-də Komitə R.Çekutanın namizədliyini təsdiq edib və qəti səsvermə üçün Senata göndərib.
R.Çekuta əvvəllər ABŞ Dövlət Departamentinin Enerji Ehtiyatları Bürosunda Dövlət Katibinin köməkçisinin müavini olub.
Yusif Babanlı
AZƏRTAC-ın xüsusi müxbiri
Vaşinqton