İDMAN
Robert Prosineçki: Bundan sonra motivasiya daha yüksək olacaq
Bakı, 29 mart, AZƏRTAC
Bəzi məqamlarda istədiyim oyunu nümayiş etdirə bilmədik.
AZƏRTAC xəbər verir ki, bunu martın 28-də Azərbaycan yığmasının 2-0 hesabı ilə Malta komandasına qarşı qələbəsi ilə yekunlaşan görüşü şərh edərkən millimizin baş məşqçisi Robert Prosineçki bildirib.
Eyni zamanda məşqçi vurğulayıb ki, komanda əlindən gələni edib. “Bundan da yaxşı oynaya bilərik. Futbolçuların potensialı bundan da yaxşı oynamağa imkan verir. Oyundan öncə qarşılaşmanın çətin olacağını demişdim. Rəqib müdafiədə ciddi oynayır. Futbolda hər şey mümkündür. Rəqib bərabərlik qolu vurub, hesabda önə də keçə bilərdi. Hər bir məşqçinin B planı var. Sirlərimi tam açmaq istəmirəm. Qarşıdan oyunlarımız gəlir. Bundan sonra motivasiya daha yüksək olacaq”, - deyə R.Prosineçki bildirib.
Maltanın baş məşqçisi Pietro Godhinin sözlərinə görə, futbol riyaziyyat deyil, bu oyunda qələbə də, məğlubiyyət də var. “İki top fərqi ilə uduzduq. Amma biz məğlubiyyətə layiq deyildik. Öz səhvlərimiz ucbatından uduzduq. Azarkeşlərin də rəqibə köməyi oldu. Birinci hissədə yaxşı oynamadıq, erkən qol buraxdıq. Sistemimizi tapa bilməmişdik. Boşluqlar verirdik. Fasilədən sonra yaxşı oynadıq. Hakimliklə bağlı müsbət fikirdəyəm, hər hansı başqa bir söz deyə bilmərəm”, - deyə baş məşqçi söyləyib.
Xatırladaq ki, martın 28-də futbol üzrə “Avro-2016”nın seçmə mərhələsi çərçivəsində Azərbaycan millisi Malta yığmasını Bakıda keçirillən oyunda 2-0 hesabı ilə məğlub edib. Qolları Cavid Hüseynov və Dmitri Nəzərov vurublar.