İDMAN
Robert Prosineçki: Nəticənin bizim üçün sərfəli olacağına ümid edirəm
Bakı, 10 iyun, AZƏRTAC
Bir aya yaxındır təlim-məşq toplanışındayıq. Avstriyadakı toplanışın ardından oyunun son hazırlığını Bakıda reallaşdırdıq. Hazırlığın gedişindən razı qaldım.
AZƏRTAC xəbər verir ki, bu sözləri dünya çempionatının seçmə mərhələsi çərçivəsində keçiriləcək Azərbaycan–Şimali İrlandiya oyunu ilə bağlı təşkil olunan mətbuat konfransında futbol üzrə millimizin baş məşqçisi Robert Prosineçki deyib.
Xorvatiyalı mütəxəssis bildirib ki, oyunda komandamıza azarkeş dəstəyi lazım olacaq. Bizi maraqlı, həm də vacib oyun gözləyir. Səfərdəki məğlubiyyəti yaddan çıxarmamışıq. Komandamız oyuna hazırdır və nəticənin bizim üçün sərfəli olacağına ümid edirəm.
“Təbii ki, Avstriyada yoldaşlıq oyunu keçirə bilsəydik, əla olardı. Təəssüf ki, rəqib tapa bilmədik. Buna baxmayaraq, tam gücümüzlə məşq etdik. Heyətə cəlb etdiyim futbolçuların hamısı meydana çıxmağa hazırdır. Komandamıza güvənirəm. İnanıram ki, məşqlərdə göstərdikləri performansı oyunda da nümayiş etdirəcəklər”, - deyə baş məşqçi əlavə edib.
Riçard Almeydanın millinin heyətində debüt edəcəyini bildirən R.Prosineçki deyib: “Onun tam gücünü nümayiş etdirməsinə heç bir maneə görmürəm. Çünki o, altı ilə yaxındır Azərbaycanda çıxış edir və millinin əksər futbolçularını yaxından tanıyır, bir neçəsi ilə eyni klubda çıxış edir.
Millimizin üzvü Maksim Medvedev bildirib: “Oyunla əlaqədar məşqlərimiz yüksək səviyyədə keçdi. Qarşılaşmaya hazırıq. Belfastdakı səhvlərimizi təkrarlamamağa çalışacağıq. Bu rəqibi bir dəfə məğlub etmişik. Meydana həmin motivasiya ilə çıxacağıq. Uğurlu nəticəyə ümid edirik”.
Yığmanın digər oyunçusu Cavid Hüseynov bildirib ki, güclü rəqiblə qarşılaşacağıq. Rəqibin üstün cəhətlərini bilirik. Onları yaxşı analiz etmişik. Doğma azarkeşlərimiz qarşısında qələbə qazanmağa çalışacağıq. Gözəl futbol nümayiş etdirəcəyimizə inanıram.
Azərbaycan-Şimali İrlandiya oyunu bu gün saat 20:00-da başlayacaq.