SİYASƏT


Robert Zinger: Biz Prezident İlham Əliyevə Azərbaycanın yəhudi icmasına səmimi münasibətinə görə təşəkkür etdik

A+ A

Bakı, 21 sentyabr, AZƏRTAC

Xəbər verildiyi kimi, Ümumdünya Yəhudi Konqresinin (ÜYK) prezidenti Ronald Lauderin başçılıq etdiyi nümayəndə heyətinin Azərbaycana səfəri bu günlərdə başa çatıb.

Nümayəndə heyətinə ÜYK baş icraçı direktoru Robert Zinger, Konqresin vitse-prezidenti Qod Nisanov, Avrasiya Yəhudi Konqresinin prezidenti Yulius Maynl, Rusiya Yəhudi Konqresinin prezidenti Yuri Kanner, Rusiya Yəhudi Konqresinin vitse-prezidenti German Zaxaryayev və Ümumdünya Yəhudi Konqresinin baş icraçı direktorunun diplomatiya üzrə müavini Maram Stern daxil idi.

Beynəlxalq münasibətlər sahəsində israilli ekspert Arye Qut ÜYK baş icraçı direktoru Robert Zingerdən AZƏRTAC üçün eksklüziv müsahibə alıb.

Qeyd edək ki, Robert Zinger uzun illər boyu dövlət müəssisələrində və qeyri-kommersiya təşkilatlarında çalışıb. 11 il İsrail Müdafiə Ordusunda xidmət edib, zabitlər məktəbinin rəhbəri olub. İsrailin Cənub Hərbi Dairəsində maarifçilik işlərinə görə cavabdeh olub. Sonra 12 il İsrailin baş nazirinin dəftərxanasında işləyib. 1999-2013-cü illərdə Robert Zinger “Vsemirnıy ORT” təşkilatının baş direktoru olub. 2013-cü ilin may ayından Ümumdünya Yəhudi Konqresinin baş icraçı direktorudur.

Ümumdünya Yəhudi Konqresinin baş icraçı direktoru Robert Zinger AZƏRTAC-a müsahibəsində vurğulayıb ki, Azərbaycan dövlətinin başçısı ilə görüş çox səmimi şəraitdə keçib. Robert Zinger vurğulayıb: “Azərbaycan Prezidenti ilə görüşümüz yaxşı keçdi. Biz Bakıdakı və Qubadakı yəhudi icmasına səmimi münasibətə, Azərbaycanda yəhudi icması üçün yaradılmış imkanlara və bu icmanın böyük perspektivlərinə görə, habelə İsrail dövləti ilə tərəfdaşlığın inkişaf etdirilməsinə və möhkəmləndirilməsinə görə Prezident İlham Əliyevə təşəkkürümüzü bildirdik”.

Azərbaycan-İsrail əməkdaşlığının perspektivləri mövzusuna toxunan Zinger vurğulayıb ki, İsrail ilə Azərbaycanın münasibətləri, əlbəttə, strateji tərəfdaşlıq xarakteri daşıyır. Ümumdünya Yəhudi Konqresinin baş icraçı direktoru deyib: “İsrail ilə Azərbaycan arasında münasibətlər bundan sonra da inkişaf edəcək və möhkəmlənəcək. Azərbaycan İsrail dövləti ilə strateji münasibətlərini uğurla inkişaf etdirən az sayda müsəlman ölkələrindən biridir”.

ÜYK ilə gələcək əməkdaşlıq formatından söhbət açan Robert Zinger qeyd edib ki, bu formatın yaxşı, ciddi bazası var. O vurğulayıb: “Hazırda Azərbaycan öz uğurlarını və siyasətini dünyada populyarlaşdırmaqla ciddi məşğul olur. Biz Azərbaycanın Vaşinqtondakı səfiri və Azərbaycanın BMT-nin daimi nümayəndəsi ilə sıx əlaqə saxlayırıq. Onlarla qarşılıqlı maraq doğuran müxtəlif məsələləri müzakirə edirik”.

Zinger onu da qeyd edib ki, Bakıya gəlməyə çox şad olub. Xeyli bundan əvvəl qonaq kimi, bu dəfə isə nümayəndə heyətinin tərkibində gəlib. Ümumdünya Yəhudi Konqresinin baş icraçı direktoru AZƏRTAC üçün eksklüziv müsahibəsini bu sözlərlə tamamlayıb: “Bakı mənə çox gözəl təsir bağışladı, Azərbaycan paytaxtı yaxşılığa doğru əsaslı şəkildə dəyişib. 90-cı illərin ortalarında Bakıya gəlməyim yadımdadır. O vaxt Heydər Əliyevlə görüşmək şərəfinə nail oldum. O vaxt gördüyüm Bakı müasir Bakıdan xeyli fərqlənirdi.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.