İQTİSADİYYAT


Robin Danniqan: ABŞ “Cənub Qaz Dəhlizi”ni diqqət mərkəzində saxlayır

Bakı, 31 may, AZƏRTAC

ABŞ “Cənub Qaz Dəhlizi” layihəsini diqqət mərkəzində saxlayır.

Energetika Nazirliyindən AZƏRTAC-a bildirilib ki, bu barədə energetika naziri Natiq Əliyevin XXIV Beynəlxalq “Xəzər Neft və Qaz-2017” sərgi və konfransı çərçivəsində Bakıda səfərdə olan ABŞ dövlət katibinin köməkçisinin müavini xanım Robin Danniqanla görüşündə danışılıb.

Natiq Əliyev tədbirdə iştirakına və ABŞ prezidenti Donald Trampın Azərbaycana dəstəyini ifadə edən məktubuna görə xanım Robin Danniqana təşəkkürünü bildirib. O, ABŞ prezidentinin iki ölkə arasında tərəfdaşlıq münasibətlərini, Azərbaycanın enerji təhlükəsizliyinin təminatı istiqamətində səylərini yüksək qiymətləndirməsinin və “Cənub Qaz Dəhlizi” layihəsinə dəstəyini əks etdirən fikirlərinin ölkəmizə hörmətin göstəricisi kimi qəbul edildiyini vurğulayıb.

“ABŞ regionda bütün enerji layihələrinə həmişə güclü dəstəyini nümayiş etdirib və Amerika hökumətinin bu mövqeyi heç vaxt dəyişməyib. Rəsmi Vaşinqtonun “Cənub Qaz Dəhlizi” layihəsi ilə bağlı mövqeyinə sadiqliyi bizim üçün vacibdir,” - deyə Natiq Əliyev qeyd edib.

Nazir layihənin gedişatı və gələcək inkişaf istiqamətləri barədə fikirlərini qonaqla bölüşüb.

Xanım Robin Danniqan isə XXIV Beynəlxalq “Xəzər Neft və Qaz-2017” sərgisinin yüksək səviyyədə təşkili ilə əlaqədar təbrikini çatdıraraq, belə tədbirlərin müasir texnologiyaların və təcrübələrin mübadiləsi üçün əlverişli platforma olduğunu deyib. O, “Cənub Qaz Dəhlizi” Məşvərət Şurası çərçivəsində nazirlərin üçüncü görüşündə və bu sərgidə iştirakını Azərbaycanın enerji təhlükəsizliyinə töhfə verən siyasətinə ABŞ-ın münasibətinin göstəricisi olduğunu söyləyib. Ölkəsinin əsas prioritetlərindən biri kimi “Cənub Qaz Dəhlizi”ni diqqət mərkəzində saxladığını deyərək, perspektivdə Türkmənistanın layihəyə qoşulma imkanları ilə maraqlanıb.

Bundan başqa, görüşdə Azərbaycanda Neft-Qaz Emalı və Neft-Kimya Kompleksi (NQENKK) və Heydər Əliyev adına NEZ-in yenidən qurulması layihələrində ABŞ şirkətlərinin iştirakının vacibliyi müzakirə edilib.

ABŞ dövlət katibinin köməkçisinin müavini, həmçinin Neft İxrac edən Ölkələr Təşkilatına (OPEC) üzv və qeyri-üzv dövlətlərin Vyana görüşü və neft bazarının inkişaf tendensiyaları ilə maraqlanıb.

Toplantıda Azərbaycan-ABŞ enerji əməkdaşlığının digər istiqamətləri üzrə də müzakirələr aparılıb.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.