CƏMİYYƏT


Robot-cərrah gözün tor qişasının okklüziya xəstəliyinin müalicəsinə kömək edib

A+ A

Bakı, 27 yanvar, AZƏRTAC

Gözün tor qişasının okklüziya xəstəliyi onun damarlarından birinin tıxanmasında ifadə olunur, bu da görmənin zəifləməsinə gətirib çıxarır. Tromboz fəsadlarının qarşısını almaq məqsədilə müalicə üçün adətən gözdaxili inyeksiyalardan istifadə olunur, lakin indiyə qədər trombların aradan qaldırılması üçün universal üsul yox idi. Venanın diametri çox kiçik (0,1 millimetr) olduğundan, damarlara iynə daxil edilərkən onların zədələnməsi riski yüksəkdir.

AZƏRTAC “Naked Science” saytına istinadla xəbər verir ki, belçikalı alimlər venanın tor qişasının kateterlənməsi (RVC) metodu yaradıblar. Bu halda xüsusi robotdan istifadə edilməsi nəzərdə tutulur. Əməliyyatın gedişində cərrah həmin robotun köməyi ilə diametri 0,03 millimetr olan iynəni tromblanmış venaya daxil edir. Bu zaman robot həkimin mikrohərəkətlərini sabitləşdirir, iynə damara daxil ediləndən sonra inyeksiya tamamilə başa çatana qədər 10 dəqiqədən artıq müddətdə həmin iynəni tutub saxlayır.

Həkimlərin sözlərinə görə, yeni robot konkret pasiyent üzərində sınaqdan keçirilib. Hazırda xəstə özünü yaxşı hiss edir. Sınaqların ikinci mərhələsində mütəxəssislər bu prosedurun klinik effektlərini yoxlayacaq, o cümlədən pasiyentin görmə qabiliyyətinin bərpaolunma dərəcəsini qiymətləndirəcəklər. Bildirilir ki, robot-cərrahın yaradılması üçün yeddi il araşdırma aparılıb.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.