CƏMİYYƏT


Robot uşaqlara kömək edəcək

A+ A

Bakı, 29 iyul, AZƏRTAC

Oklahoma Universitetinin (ABŞ) biomühəndis və fizioterapevtləri hazırda serebral iflic ehtimalı olan uşaqların motor və koqnitiv bacarıqlarının inkişafına yardımçı olacaq qurğunun hazırlanması üzərində işləyirlər. Pilot layihəsi uğurla həyata keçirilib. Hazırda alimlər 4-8 aylıq 56 uşağın iştirakı ilə növbəti sınaqlara başlayırlar.

AZƏRTAC “spectrum.ieee.org” saytına istinadla xəbər verir ki, “SIPPC” (Self-Initiated Prone Progression Crawler, özüyeriyən, uzanan, iməkləyən uşaq, “SİPSİ” kimi tələffüz olunur) adlı aparat körpəni qarnı üstə qoymaq üçün yumşaq taxtdan ibarətdir. Uşağın hərəkətlərini hər 50 saniyədən bir öz göstəricilərini kompüterə yollayan 12 verici, eləcə də uşağın hər bir ətrafının vəziyyətini daim yaddaşına yazan kameralar qeydə alır. Bütün bu texnikanın köməyi ilə körpənin hərəkətləri monitorda əks olunur və lazım olduqda uşağın hansı pozada, müəyyən vaxt kəsimində onun əllərinin və ayaqlarının hansı vəziyyətdə olduğunu görmək olur. Taxtın özü üç təkərə bərkidilib, uşağa isə kombinezona oxşar kəmərlər geydirilir. Bu kəmərlərə də vericilər quraşdırılıb. Cihazın ilkin versiyalarının pilot testləri göstərib ki, kəmərli “kombinezon” geyimli uşaqlar tez-tez robot-köməkçini işə salıblar, onların əl-ayaqlarının daha çox hərəkət etməsi qeydə alınıb. Uşağın başına çoxsaylı elektrodları olan dəbilqə bərkidilir. Uşaq hərəkət etdikdə kompüter onun hərəkətlərini təhlil edən alqoritmi işə salır. Bundan sonra robot doğru istiqamətdə hərəkət etməkdə körpəyə kömək edir.

Məsələn, körpə qız oyuncağa doğru hərəkət etmək üçün ayaqları ilə təkan verməyə çalışırsa, kompyuter onun hərəkətlərini hesablayır və lazımi impulsla tamamlayır, nəticədə qız daha bir neçə santimetr iməkləyə bilir. Müsbət əlaqə uşağa daha uzağa hərəkət etmək stimulu verir. Bu həm motor bacarıqlarının inkişafı, həm də onlarla yaxın bağlı olan koqnitiv funksiyalar üçün faydalıdır.

Alim Endrü Feqq bildirib ki, sınaqlarda iştirak edən uşaqların valideynləri evdə istifadə üçün cihaz almaq xahişi ilə mühəndislərə müraciət edir. Lakin bu barədə danışmaq hələ tezdir.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.