DÜNYA
Roma Papası Fransisk İordaniyada səfərdədir VİDEO
Əmman, 25 may (AZƏRTAC). Roma Papası Fransiskin İordaniyaya ikigünlük səfəri başlanmışdır.
Əmmanın beynəlxalq aeroportunda Papanı Kral II Abdullanın baş müşaviri şahzadə Qazi bin Muhammed, eləcə də katolik liderləri, din və mədəniyyət xadimləri qarşılamışlar.
“Hüseyniyə” sarayında Papa Fransisk İordaniya Krali II Abdulla, onun xanımı Kraliça Raniyə əl-Abdulla və vəliəhd şahzadə Hüseyn bin Abdulla ilə görüşmüşdür.
Papa İordaniya Kralının bütün region üçün davamlı sülh axtarışı istiqamətində səylərini yüksək dəyərləndirmişdir.
Kral II Abdulla Zati-müqəddəslər Roma Papasının sevgi və həmrəyliyə, harmoniya və dinc yaşamağa, sülh və qardaşlığa çağırışının vacibliyini vurğulamışdır. Poma Papasının səfərinin əhəmiyyətini qeyd edən Kral bu səfəri müsəlman və xristianlar arasında qardaşlıq və dözümlülük istiqamətində mühüm addım hesab etmişdir.
Tərəflər İordaniya və Vatikan arasında münasibətləri müzakirə etmiş, dialoq və dinc yaşamanın davam etdirilməsi yolu ilə müsəlman və xristian dünyası arasındakı əlaqələrin qorunması və dərinləşdirilməsinin vacibliyini vurğulamışlar.
Sonra pontifik Əmmanın idman şəhərciyi olan Hüseyndəki beynəlxalq stadionda ibadət mərasimi keçirmişdir. Burada onu İordaniyanın katolik kilsələrindən, ərəb və dünyanın digər ölkələrindən məxsusi olaraq Papa Fransiski qarşılamaq üçün gəlmiş 30 minədək tərfədarı salamlamışdır.
İbadət mərasimindən sonra Roma Papası ümumbəşəri dəyərlər – dözümlülük və dinc yanaşı yaşama istiqamətindəki cəhdlərin əhəmiyyətindən bəhs edən nitq söyləmişdir.
Həmin gün katolik kilsəsinin başçısı İordan çayı yaxınlığında İsa peyğəmbərin xaç suyuna salındığı yerdə olmuş, burada Suriya, İraq qaçqınları, eləcə də yetim və əlil uşaqlarla görüşmüşdür.
Asya Hacızadə
AZƏRTAC-ın xüsusi müxbiri
Əmman