DÜNYA
Roma Papası: Xristianlar və müsəlmanlar birlikdə zorakılığa “yox” deyirlər
Roma, 30 noyabr, AZƏRTAC
Afrikaya səfəri çərçivəsində Mərkəzi Afrika Respublikasının paytaxtı Banqidəki məsciddə müsəlmanlarla görüşən Roma Papası Fransisk bölgəyə sülh və əmin-amanlıq diləkləri gətirdiyini deyib. Bildirib ki, müsəlmanlar bu regionda etnik nifrətin yox olması və barışığa nail olunması üçün önəmli töhfələr veriblər.
ANSA agentliyi xəbər verir ki, Roma Papası səfər ərəfəsində şəxsi Twitter hesabından “Xristianlar və müsəlmanlar qardaşdırlar” mesajını yayıb və zorakılığa qarşı birlikdə mübarizə aparmağın vacibliyini vurğulayıb.
Roma Papası xristianların və müsəlmanların nifrətə, zorakılığa, qisas hisslərinə birlikdə qarşı çıxdıqlarını qeyd edib. O vurğulayıb ki, bu çətin vaxtlarda Mərkəzi Afrikanın xristian və müsəlman liderləri çağırışlara birgə cavab vermək, harmoniyanı bərqərar etmək üçün səylər göstərirlər.
Afrikaya beş günlük səfəri çərçivəsində Keniyada, Uqandada və Mərkəzi Afrika Respublikasında olan Roma Papası Banqi şəhərində “Müqəddəs Qapı”nın açılışında iştirak edib.
Maqsud Dadaşov
AZƏRTAC-ın xüsusi müxbiri
Roma