QAN YADDAŞI
Romada Xocalı faciəsi ilə bağlı növbəti məlumatlandırma aksiyası
Roma, 27 fevral, AZƏRTAC
Azərbaycan Tələbə Şəbəkəsi (ASN) Romada Xocalı soyqırımının 23-cü ildönümü ilə bağlı məlumatlandırma aksiyası keçirib. Əsas məqsəd İtaliya sakinlərini Xocalı faciəsi zamanı erməni qəsbkarlarının qadınlara, qocalara və uşaqlara silah qaldıraraq onları vəhşicəsinə qətlə yetirmələri barədə məlumatlandırmaq olub.
Romanın mərkəzi küçələrindən birində keçirilən aksiya zamanı ASN-in üzvləri həm xarici turistləri, həm də yerliləri insanlığa qarşı ən dəhşətli cinayətlərdən biri olan Xocalı faciəsi barədə ətraflı məlumatlandırıblar.
Daha sonra aksiyaya maraq göstərən sakinlər və turistlər meydanda quraşdırılan plakatlara müasir dünyamızda müharibələrə son və ədalətə çağırış naminə bu gün görmək istədikləri dünyanı sözlərlə təsvir ediblər. Onlar bu yazılarla Xocalıda baş verənlərə öz etirazlarını bildirmək üçün aksiyaya qoşulduqlarını bildiriblər.
Sonda aksiya iştirakçılarına ASN tərəfindən üzərində “Xocalı” yazılmış bloknotlar paylanılıb.
Maqsud Dadaşov
AZƏRTAC-ın xüsusi müxbiri
Roma