SİYASƏT
Romada ictimai iştirakçılığın Azərbaycan modeli təqdim olunub VİDEO
Roma, 2 aprel, AZƏRTAC
Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının sədri, Milli Məclisin deputatı Azay Quliyevin rəhbərlik etdiyi nümayəndə heyəti İtaliyaya səfəri çərçivəsində “İdarəetmədə ictimai iştirakçılıq: Azərbaycan modeli” mövzusunda konfransda iştirak edib.
Şuranın, İtaliya Coğrafiya Cəmiyyətinin (İCC) və İtaliya-Azərbaycan Assosiasiyasının (İAA) birgə təşkilatçılığı ilə keçirilmiş konfransın məqsədi ötən il ölkəmizdə qəbul olunmuş “İctimai iştirakçılıq haqqında” Qanunu İtaliya ictimaiyyətinə təqdim etmək, müvafiq sahədə Azərbaycan təcrübəsini bölüşmək olub.
İAA-nın sədri xanım Paola Kasaqrandenin moderatorluğu ilə keçirilmiş konfransda ekspertlər, vətəndaş cəmiyyətinin nümayəndələri, İtaliya ictimaiyyətinin təmsilçiləri iştirak ediblər.
İtaliya-Azərbaycan parlamentlərarası dostluq qrupunun sədri, senator Sercio Divina çıxış edərək ölkələrimiz arasında əlaqələrin inkişafından danışıb. Bildirib ki, bu münasibətlərin strateji tərəfdaşlıq səviyyəsinə yüksəlməsində ölkələrimizin parlamentlərarası dostluq qruplarının rolu böyükdür.
Senator diqqətə çatdırıb ki, İtaliya vətəndaş cəmiyyətinin formalaşdığı tarixi mərkəzlərdən biri olsa da QHT-lərlə hökumət arasında etimad və əməkdaşlıq mühiti lazımi səviyyədə deyil. S.Divina deyib: “İctimai iştirakçılıqla bağlı isə qanunvericiliyimiz mövcud deyil. Bu baxımdan Azərbaycanda QHT-hökumət münasibətləri, müvafiq sahədə yaradılmış mexanizm təqdirəlayiqdir və biz bunu İtaliyada da tətbiq etməliyik”.
İCC-nın fəxri prezidenti, professor Franko Salvatore diqqətə çatdırıb ki, Qafqaz bölgəsi önəmli elm və mədəniyyət mərkəzlərindən biri kimi İtaliya üçün hər zaman böyük maraq kəsb edib. Aralıq dənizi ölkələrində vətəndaş cəmiyyətinin formalaşmasında və onların ictimai həyatda rolunun artmasında Qafqaz regionunun, xüsusilə Azərbaycanın böyük töhfəsi olub. O deyib: “Bəşəriyyətin elm və mədəniyyət sahələrində Azərbaycanın özünəməxsus yeri var. Qədim tarixə malik olan bu ölkədə “vətəndaş cəmiyyəti” anlayışına xüsusi və öyrənməyə dəyər yanaşma mövcuddur. Azərbaycanda müşahidə olunan iqtisadi və mədəni inkişafı diqqətlə izləyirik. Bu kontekstdə ölkələrimiz arasındakı əlaqələri daha da inkişaf etdirməyin vacibliyini anlayırıq. Tarixçilərimiz, tədqiqatçılarımız, mütəxəssislərimiz birgə çalışmaqla əməkdaşlığımızı davamlı tərəqqiyə yönəltmək istiqamətində faydalı işlər görə bilərlər”.
İtaliyada vətəndaş cəmiyyətinin səsini eşitdirmək üçün vahid mexanizmin mövcud olmadığını deyən F.Salvatore Azərbaycanın ictimai iştirakçılıq sahəsində əldə etdiyi müsbət təcrübəni və yaratdığı modeli dərindən öyrənməyin və onu İtaliyada tətbiq etməyin faydalı ola biləcəyini vurğulayıb.
Tədbirdə çıxış edən A.Quliyev Azərbaycanın müstəqilliyini bərpa etdikdən sonra əldə etdiyi uğurlardan, ictimai iştirakçılıq və vətəndaş cəmiyyəti sahələrində ölkəmizdə görülən işlərdən, İtaliya ilə əlaqələrdən danışıb.
İctimai iştirakçılığın Azərbaycan modeli ilə bağlı məlumat verən Şura sədri hazırda ölkəmizdə 4066 qeyri-kommersiya təşkilatının, 3020 QHT-nin fəaliyyət göstərdiyini qeyd edib. Bildirib ki, bu gün QHT-lərin fəaliyyətindən yararlanan insanların sayı iki milyona yaxındır. Hər bir vətəndaş cəmiyyəti institutunun fəaliyyəti üçün qanunvericilik bazasının yaradılmasının vacibliyini vurğulayan A.Quliyev ölkəmizdə bu istiqamətdə müsbət nəticələr əldə edildiyini diqqətə çatdırıb. Dövlətlə QHT-lər arasında əlaqələndirici mexanizmin olmasının önəmini vurğulayan Şura sədri rəhbərlik etdiyi qurumun bu zərurətdən yarandığını bildirib. Qeyd edib ki, Şura QHT-lərə konsultativ, məlumat, texniki, maddi və digər sahələrdə hərtərəfli dəstək verir. 11 Şura üzvünün 8-i QHT nümayəndələrindən, 3-ü isə müxtəlif dövlət qurumlarının təmsilçilərindən ibarətdir. Qurum tərəfindən indiyədək 3 minə yaxın layihəyə vəsait ayrılıb. O deyib: “Ölkəmizdə “İctimai iştirakçılıq haqqında” Qanunun qəbulu ilə müvafiq sahədə mühüm irəliləyişlərə nail olunub. Biz açıq şəkildə ictimai iştirakın məqsədlərini müəyyənləşdirmişik. Əsas hədəflərimiz vətəndaşların dövlət idarəçiliyində yaxından iştiraka cəlb olunması, hökumətin fəaliyyətinə ictimai nəzarəti təmin etmək, yerli icra hakimiyyəti orqanları ilə ictimaiyyət arasında səmərəli əlaqələr qurmaqdır. Mühüm məqamlardan biri də hökumətin fəaliyyətində şəffaflığı təmin etməkdir”.
Sonra müvafiq mövzu ilə bağlı müzakirələrin aparıldığı tədbirdə Azərbaycanda ictimai iştirakçılıq təcrübəsinə dair suallar cavablandırılıb.
Xatırladaq ki, səfər Azərbaycan Hökuməti və ABŞ Beynəlxalq İnkişaf Agentliyi tərəfindən dəstəklənən və Şərq-Qərb İdarəetmə İnstitutunun icra etdiyi “Azərbaycanda sosial-iqtisadi inkişaf fəaliyyəti” layihəsi (SEDA) çərçivəsində həyata keçirilir.
Maqsud Dadaşov
AZƏRTAC-ın xüsusi müxbiri
Roma