SİYASƏT
Romada keçirilən beynəlxalq konfransda Azərbaycanda qadınlara qarşı zorakılıqla mübarizə sahəsində görülən işlərdən danışılıb VİDEO
Roma, 19 sentyabr (AZƏRTAC). Sentyabrın 19-da Romada Avropa Şurası Parlament Assambleyasının (AŞPA) bərabərlik və qeyri-diskriminasiya komitəsinin və İtaliya Xarici İşlər Nazirliyinin birgə təşkilatçılığı ilə “Qorxudan təhlükəsiz, zorakılıqdan təhlükəsiz” mövzusunda beynəlxalq konfrans keçirilib.
“Qadınlara qarşı zorakılıq və məişət zorakılığının qarşısının alınması və ona qarşı mübarizə haqqında Avropa Şurasının Konvensiyası”nın (İstanbul Konvensiyası) cari il avqustun 1-də qüvvəyə minməsi ilə bağlı keçirilən konfransa 100-dən çox ölkədən nümayəndə heyəti qatılıb.
Tədbirdə Azərbaycan Milli Məclisinin deputatı Sahibə Qafarova, Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin informasiya və analitik araşdırmalar şöbəsinin müdiri Elgün Səfərov, ölkəmizin İtaliyadakı səfirliyinin əməkdaşı Nəsir Məmmədov, Xarici İşlər Nazirliyinin humanitar və sosial məsələlər idarəsinin nümayəndəsi Vüsalə Sadıqovanın daxil olduğu nümayəndə heyəti də iştirak edib.
Tədbirin rəsmi hissəsində İtaliya parlamentinin Deputatlar Palatasının sədri xanım Laura Boldrini, Avropa Şurası baş katibinin müavini xanım Qabriella Battani-Draqoni, AŞPA-nın sədri xanım Ann Brasör, İtaliya Xarici İşlər Nazirliyinin katibi Benedetto Della Vendova çıxış ediblər. Bildiriblər ki, İstanbul Konvensiyası qadınlara qarşı zorakılıq halları ilə mübarizə, zorakılıq qurbanlarının müdafiəsi, onu törədən şəxslərin məsuliyyətə cəlb edilməsi, bu sahədə siyasətin daha da dərindən formalaşdırılması kimi məsələləri hərtərəfli olaraq özündə ehtiva edir. Bu konfrans üzv dövlətlərin müvafiq istiqamətdə həyata keçirdiyi tədbirlərin müzakirə edilməsi, iştirakçı ölkələr arasında bu sahədə təcrübə mübadiləsinin aparılması baxımından yaxşı imkan yaradır.
Tədbirdə qeyri-hökumət təşkilatlarının nümayəndələri, jurnalistlər və tanınmış yazıçılar çıxış edərək qadınlara qarşı zorakılıqla mübarizəyə dair İstanbul Konvensiyasının bir meyar kimi qəbul edilməsindən, qadın hüquqları ilə bağlı maarifləndirmə işinin gücləndirilməsindən və xüsusi mexanizmlərin yaradılmasından danışıblar.
Konfrans çərçivəsində E.Səfərov çıxış edərək məişət zorakılığının və qadınlara qarşı zorakılığın qarşısının alınması sahəsində Azərbaycanda görülən işlərdən danışıb. Diqqətə çatdırıb ki, Ermənistanın ölkəmizə təcavüzü nəticəsində qaçqın və məcburi köçkün düşmüş qadınlar üçün reabilitasiya və cəmiyyətə reinteqrasiya tədbirləri həyata keçirilir. Bundan əlavə, Azərbaycanda gender bərabərliyinin təmin olunması, qadın hüquqlarının müdafiəsi və müvafiq sahədə digər problemlərin həlli istiqamətində layihələr icra olunmaqdadır.
Konfransda İstanbul Konvensiyasına qoşulan dövlətlərin nazirləri tərəfindən bəyannamə qəbul edilib.
Maqsud Dadaşov
AZƏRTAC-ın xüsusi müxbiri
Roma