İDMAN
Roman Qriqorçuk: Mərhələ keçməyə imkan verən nəticə qazanmaq üçün oyunda əlimizdən gələn hər şeyi edəcəyik
Bakı, 30 iyul, AZƏRTAC
Bu mərhələyə qədər az yol qət etməmişik. Komandamız da, rəqibimiz də iki mərhələ keçib. Hər iki kollektiv növbəti mərhələyə yüksəlmək istəyir. Biz əlimizdən gələn hər şeyi edəcəyik ki, mərhələ keçməyə imkan verən nəticə qazanaq.
AZƏRTAC xəbər verir ki, bu fikirləri futbol üzrə UEFA Avropa Liqası yarışlarının üçüncü təsnifat mərhələsi çərçivəsində səfərdə Kiprin “Apollon” komandası ilə ilk oyundan əvvəl “Qəbələ” klubunun baş məşqçisi Roman Qriqorçuk keçirdiyi mətbuat konfransında deyib.
Ukraynalı mütəxəssis deyib: “Bizi asan oyun gözlədiyini düşünmürəm. Rəqibimiz çox güclü komandadır. Onların heyətində yüksək səviyyəli, sürətli futbolçular yer alıb. “Apollon” klubu yaxşı, təşkilatlanmış oyun nümayiş etdirir. İzlədiyim oyunlarda da komanda çox inamlı təsir bağışlamışdı. Bunlara əsasən deyə bilərəm ki, rəqibimiz güclü komandadır. Kipr komandasının ən üstün tərəfi oyunçularının fərdi ustalığıdır. Xüsusilə də bunu hücum xətti barədə demək olar. Cinah müdafiəçilərinin effektli oyununu da qeyd etmək olar”.
Ukraynalı baş hakim Sergey Boykonun idarə edəcəyi “Apollon” - “Qəbələ” matçı iyulun 30-da Bakı vaxtı ilə saat 22:00-da Larnakadakı “Antonis Papadopulos” stadionunda başlayacaq.