MƏDƏNİYYƏT
Roman Sukhan: Ukrayna xalqı Dilarə Kazımovaya dəstək olacaqdır VİDEO
Kopenhagen, 6 may (AZƏRTAC). Azərbaycanlı müğənni Dilarə Kazımova Ukraynada çox məşhurdur. O, dünyada məşhur olan “Qolos” layihəsinin Ukrayna versiyasında iştirak etmişdir. O, müsabiqədə Ukrayna dilində mahnı ifa etmişdir. Ukraynalılar bu səbəbdən Dilarə Kazımovaya dəstək olacaq, ona səs verəcəklər.
Bu sözləri AZƏRTAC-a müsahibəsində “Eurovision-2013” mahnı müsabiqəsini izləmək üçün Danimarkanın paytaxtı Kopenhagen şəhərinə gəlmiş Ukraynanın “TV Ukraine” telekanalının jurnalisti Roman Sukhan söyləmişdir.
Qısa müddətdə Azərbaycanın “Eurovision” mahnı müsabiqəsi kimi möhtəşəm tədbirə çox ciddi hazırlaşdığını vurğulayan R.Sukhan Bakıda gördüklərindən valeh olduğunu demişdir: “Bakıda yenidən olmaq mənim arzumdur. “Eurovision” mahnı müsabiqəsində olan ukraynalı digər dostlarım da şounuzun müsabiqənin tarixində ən əhəmiyyətli yarışmalardan olduğunu söyləyirlər. Təşkilatçılıq yüksək səviyyədə idi. Müsabiqə ərzində zəngin proqram ölkənizə səfər edən qonaqlara darıxmağa imkan vermirdi. “Baku Crystal Hall”un səhnəsi çox gözəl və müasir idi. Builki “Eurovision” mahnı müsabiqəsini Azərbaycanda keçirilmiş yarışma ilə müqayisə etsək ölkənizin hazırlığının daha möhtəşəm olduğunu görərik”.
Anar Rzayev,
AZƏRTAC-ın müxbiri
Kopenhagen